A.Lukaşenko və M.Pezeşkian Minskdə danışıq aparıb
img=left]https://azadmedia.az/uploads/posts/2025-08/1755750412_lukasenko-pezeskian.jpg[/img]
Belarus və İran prezidentləri Aleksandr Lukaşenko və Məsud Pezeşkiyan Minskdə danışıqlar aparıb. Görüşdə iki ölkə arasında bütün sahələrdə, xüsusilə müdafiə və hərbi-texniki əməkdaşlıq istiqamətində əlaqələrin dərinləşdirilməsi qərara alınıb.
Belarus dövlət agentliyi Belta xəbər verir ki, liderlər strateji tərəfdaşlıq sazişi üzərində işə başlamağa hazır olduqlarını açıqlayıblar. Prezident Lukaşenko bəyan edib ki, geosiyasi gərginlik fonunda Minsk və Tehran əməkdaşlığı ardıcıl və balanslı şəkildə inkişaf etdirir. Onun sözlərinə görə, tərəflər qarşıya çıxan hər bir yeni çətinliyi yeni imkanlara çevirməyə çalışır və müzakirə olunmayacaq mövzu yoxdur.
Prezident Pezeşkiyan isə bildirib ki, İran Qərbin “qanunsuz sanksiyaları” ilə mübarizədə 40 ildən artıq təcrübəyə malikdir və bu təcrübəni Belarusla bölüşməyə hazırdır. O, həmçinin qeyd edib ki, iqtisadi, mədəniyyət və turizm sahələrində əməkdaşlıq iki ölkə arasında mövcud siyasi etimada uyğun səviyyəyə yüksəlməlidir.
Xatırladaq ki, Belarus Rusiya Federasiyasının yaxın müttəfiqi olaraq, 2022-ci ildə Ukraynaya qarşı hərbi əməliyyatların başlanmasında öz ərazisini Moskvanın istifadəsinə verib. Daha sonra isə Rusiya taktiki nüvə silahlarının yerləşdirilməsinə razılıq göstərib. İran isə Rusiya tərəfinə döyüş dronları tədarük edir və bu ilin əvvəlində Moskva ilə strateji əməkdaşlıq sazişi imzalayıb.
Ekspertlərin qənaətinə görə, Minsk və Tehran arasında əməkdaşlığın güclənməsi, Qərbin sanksiyalarının təsirini yumşaltmaqla yanaşı, Rusiya ilə üçtərəfli strateji xətti daha da gücləndirəcək.