YƏMƏNDƏN ATILAN DRON EYLATA DÜŞÜB
Yəməndəki İranın dəstəklədiyi husilər İsrailin cənubuna növbəti dron hücumu həyata keçirib. Üsyançıların hərbi media ofisi açıqlayıb ki, iki pilotsuz uçuş aparatı Eylat və Birşeba istiqamətinə göndərilib. Bildirilib ki, İsrailin hava müdafiə sistemləri dronların qarşısını ala bilməyib.
Hadisə nəticəsində Eylatda azı 22 nəfərin yaralandığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu açıqlanıb. Xilasetmə xidməti yaralıların xəstəxanalara yerləşdirildiyini bildirib. Hazırda onların vəziyyəti nəzarətdə saxlanılır.
İsrail ordusu isə “intersepsiya cəhdləri”nin edildiyini və axtarış-xilasetmə qruplarının hadisə bölgəsində fəaliyyət göstərdiyini açıqlayıb. Müdafiə naziri İsrail Kats hücumlara sərt reaksiya verərək xəbərdarlıq edib: “Kim İsrailə zərər verərsə, yeddiqat cavabını alacaq.”
Qəzza zolağında isə son sutkada İsrail ordusunun açdığı atəş nəticəsində azı 19 fələstinlinin həlak olduğu bildirilib. Husilər hücumları Fələstin xalqına dəstək adı ilə əsaslandırır. İsrail isə buna cavab olaraq Yəməndəki hədəfləri bombalayacağı barədə xəbərdarlıq edir.