FIFA “Sülh Mükafatı” adlı yeni beynəlxalq mükafat təsis edəcəyini bəyan edib.
Bu barədə təşkilatın prezidenti Canni İnfantino məlumat yayıb.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum sözügedən mükafatı 2026-cı il Dünya Çempionatının püşkatma mərasimində təqdim edəcək. Bildirilib ki, yeni mükafat “dünyanın dörd bir yanında insanları sülh içində birləşdirməyə töhfə verən şəxsləri” təltif etmək məqsədi daşıyır. Qalibin adı 5 dekabrda Vaşinqtonda açıqlanacaq.
İnfantino bəyan edib ki, bugünkü gərgin və parçalanmış dünyada sülh uğrunda çalışanların səylərini qiymətləndirmək böyük önəm daşıyır:
“Futbol sülhü təmsil edir və bu mükafat vasitəsilə insanları bir araya gətirənləri bütün futbol dünyası adından tanıyacağıq”.
Qeyd edək ki, “FIFA Sülh Mükafatı”nın ABŞ prezidenti Donald Trampa veriləcəyi ehtimal olunur. İddiaya əsasən, İnfantino Qəzza böhranı zamanı Trampın sülh prosesində mühüm rol oynadığını söyləyib və onun maneələri aradan qaldırdığını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.