Lavrov: Rusiya və Ermənistan arasında etimadsızlıq narrativi üstünlük təşkil etməməlidir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Ermənistanın ictimai-siyasi məkanında etimadsızlıq və yalanlar üzərində qurulan narrativin üstünlük qazanmamasına ümid etdiyini bildirib.
Bu barədə Lavrov Moskvada səfərdə olan Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla görüşü zamanı danışıb. O qeyd edib ki, Ermənistan Avropa İttifaqı və NATO-nun Avropa üzvlərinin Rusiyaya qarşı açıq şəkildə müharibə elan edərək strateji məğlubiyyətə uğratmaq məqsədi güddüyünün fərqində olmalıdır.
“Çox istərdim ki, etimadsızlıq toxumu səpən və bəzən yalanlara söykənən narrativlər ölkələrimizin ictimai mühitində üstünlük təşkil etməsin və hökmran olmasın”, – deyə Rusiya XİN rəhbəri vurğulayıb.
Lavrov əlavə edib ki, Rusiya tərəfdaşlarının istənilən istiqamətdə xarici əlaqələrini inkişaf etdirməsinə heç vaxt etiraz etmir. Lakin onun sözlərinə görə, Avropa İttifaqındakı tərəfdaşlar tez-tez ölkələri seçim qarşısında qoyur: “ya bizimlə, ya da onlarla [Rusiya ilə]”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.