Tailandda 72 pələng virusdan ölüb

Taylandın şimalında yerləşən iki turistik parkda 72 pələngin tələf olması ictimai narahatlığa səbəb olsa da, yerli hakimiyyət orqanları hadisənin insanlar üçün təhlükə yaratmadığını bildirir. Bu barədə Associated Press агентliyi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, pələnglərin ölümü itlərin taun virusu kimi tanınan CDV (Canine Distemper Virus) ilə bağlıdır. Səlahiyyətlilər vurğulayıblar ki, sözügedən virus insanlara yoluxmur və quş qripi ilə əlaqəli deyil.
Taylandın səhiyyə naziri Pattana Promphat Banqkokda keçirdiyi mətbuat konfransında bildirib ki, indiyədək heyvandan insana yoluxma faktı qeydə alınmayıb. Bununla belə, son vaxtlar heyvanlarla təmasda olmuş şəxslərin sağlamlıq vəziyyəti nəzarətdə saxlanılır.
Hadisə Çianqmay əyalətinin Mae Taeng və Mae Rim rayonlarında yerləşən parklarda qeydə alınıb. Pələnglər 8–18 fevral tarixləri arasında, təxminən 10 gün ərzində xəstələnərək ölüblər. Regional baytarlıq idarəsinin məlumatına əsasən, aparılan müayinələr zamanı heyvanların orqanizmində CDV virusunun genetik materialı və bakterial infeksiya izləri aşkarlanıb. Quş qripinin A tipi virusuna isə rast gəlinməyib.
Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Departamentinin baş direktoru Montien Kanasawat bildirib ki, ehtiyac yaranarsa, ölkə üzrə monitorinq gücləndiriləcək, təmasda olmuş şəxslər izlənəcək və müvafiq müalicə tədbirləri görüləcək.
Rəsmilər qeyd ediblər ki, qapalı şəraitdə saxlanılan, stress və inbriding faktorlarına məruz qalan pələnglər virus infeksiyalarına qarşı daha həssas ola bilərlər. Tələf olmuş heyvanların cəsədləri müayinədən sonra kremasiya edilərək basdırılıb və dezinfeksiya tədbirləri həyata keçirilib.
Hadisənin mənşəyi ilə bağlı araşdırmalar davam edir. Baytar mütəxəssislərdən biri olan Visit Arsaitamkul sosial şəbəkədə paylaşımında bildirib ki, bir-birindən cəmi 30 kilometr məsafədə yerləşən iki parkda eyni vaxtda yoluxma halının baş verməsi heyvanlara verilən yem mənbəyi ilə bağlı ola bilər.
Qeyd edək ki, Taylandda 2004–2007-ci illərdə quş qripi səbəbindən 25 yoluxma faktından 17-si ölümcül nəticələnmişdi. Hazırda isə səlahiyyətlilər hadisənin quş qripi ilə əlaqəli olmadığını xüsusi vurğulayırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.