ABŞ Konqresində demokratlar Ontario gölünün adının dəyişdirilməsinin ləğvini istəyir

ABŞ Konqresində Demokratlar Partiyasının nümayəndələri prezident Donald Trampın Kanada ilə sərhəddə yerləşən Ontario gölünün adının “Amerika gölü” (“Lake America”) olaraq dəyişdirilməsi ilə bağlı qərarını ləğv etmək üçün qanun layihəsi hazırlayırlar.
Bu barədə Axios portalı Konqres üzvlərinə istinadən məlumat yayıb.
Məlumata görə, qanun layihələrindən birini Nümayəndələr Palatasının üzvü, ABŞ-ın şimal sərhədi məsələləri üzrə ikipartiyalı qrupun həmsədri Tim Kennedi hazırlayır. Digər oxşar təşəbbüsün müəllifi isə Nümayəndələr Palatasının üzvü Debbi Dinçell olacaq.
Xatırladaq ki, Donald Tramp daha əvvəl Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirildiyini və qərarın dərhal qüvvəyə mindiyini açıqlamışdı. ABŞ prezidenti bildirib ki, ad dəyişikliyi üçün bütün zəruri sənədlər artıq rəsmiləşdirilib.
ABŞ Geoloji Xidməti də gölün adını yaxın vaxtlarda rəsmi sənədlərində dəyişəcəyini açıqlayıb.
Kanadanın Baş naziri Mark Karni isə ABŞ-ın bu qərarını pisləyib. O vurğulayıb ki, Kanada hökuməti sözügedən təşəbbüsü qəbul etməyəcək və onunla hesablaşmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.