Bloomberg: Aİ-yə namizəd ölkələrin qəbulunda veto hüququ ləğv edilə bilər

Avropa Komissiyası Avropa İttifaqının genişlənmə siyasətində köklü islahatlar hazırlayıb. Yeni təkliflərə üzv ölkələrin Aİ-yə yeni dövlətlərin qəbuluna veto qoymaq hüququnun ləğvi də daxildir.
Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Avropa Komissiyası islahat paketini sentyabrın sonunda Aİ ölkələrinə və Avropa Parlamentinə təqdim etməyə hazırlaşır.
Təkliflər Aİ-yə üzvlük üçün namizəd ölkələrin həyata keçirməli olduğu islahatların yenidən nəzərdən keçirilməsindən tutmuş qərarların qəbulunda yekdillik prinsipinin əvəzinə ixtisaslı səs çoxluğundan istifadə edilməsinə qədər geniş məsələləri əhatə edir. Məqsəd ayrı-ayrı üzv dövlətlərin qərarların qəbulunu bloklamasının qarşısını almaqdır.
İslahat paketində yeni üzvlərin Aİ-yə mərhələli inteqrasiyası prinsipinin tətbiqi və üzvlükdən sonra onların bəzi hüquqlarının məhdudlaşdırılması imkanının yaradılması da nəzərdə tutulur.
Bununla belə, təklif olunan islahatın təsdiqlənməsi üçün Aİ-nin bütün 27 üzv dövlətinin yekdil razılığı tələb olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.