İran ABŞ-a Hörmüz boğazının açılması üçün şərt irəli sürüb

İran ABŞ-ın müəyyən şərtləri yerinə yetirməsi halında Hörmüz boğazını açmağa hazır olduğunu açıqlayıb.
“Reuters” agentliyinin adı açıqlanmayan yüksəkvəzifəli İran rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ hərbi təzyiqi azaltacağı təqdirdə İran Hörmüz boğazını yeddi gün ərzində aça bilər.
İran tərəfinin digər tələbi isə ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmasıdır.
İran rəsmisinin sözlərinə görə, hərbi təzyiqin azaldılması və limanlara tətbiq olunan blokadanın götürülməsi Hörmüz boğazının açılması ilə bağlı əsas şərtlər sırasındadır.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan əsas dəniz yollarından biridir. Boğazdan hər gün böyük həcmdə neft və digər enerji resursları daşınır. Bu səbəbdən onun fəaliyyətində yaranan hər hansı məhdudiyyət qlobal enerji bazarına və beynəlxalq ticarətə təsir göstərə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.