Bloomberg: Putin Si Cinpinlə görüş üçün APEC sammitinə gedəcək, G20-də Trampı görməyəcək

Bloomberg: Putin Si Cinpinlə görüş üçün APEC sammitinə gedəcək, G20-də Trampı görməyəcək
Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etmək üçün Çinə səfər etməyi və ABŞ-da keçiriləcək “Böyük iyirmilik” (G20) sammitində iştirak etməməyi planlaşdırır.
“Bloomberg”in Kremlə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Putin 2017-ci ildən bəri ilk dəfə APEC sammitində şəxsən iştirak etməyi nəzərdə tutur. Rusiya prezidentinin ABŞ Prezidenti Donald Trampla birlikdə Floridada keçiriləcək G20 sammitinə qatılmaq ehtimalının isə “son dərəcə aşağı” olduğu bildirilir.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov payızın əvvəlində Putin və Çin lideri Si Cinpinin APEC sammiti çərçivəsində Trampla üçtərəfli görüş keçirmək imkanını müzakirə etdiklərini açıqlamışdı. Onun sözlərinə görə, bu plan ABŞ prezidentinin Çinə səfər edib-etməyəcəyindən asılı olacaq.
APEC sammitinin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılır.
“Bloomberg”in məlumatına görə, Putin Ukraynanı dəstəkləyən Avropa ölkələrinin liderləri, eləcə də Kanada, Yaponiya, Cənubi Koreya və Avstraliya nümayəndələri ilə eyni tədbirdə iştirak etmək riskindən yayınmağa çalışır. Kremlin G20 sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak edə biləcəyindən narahat olduğu bildirilir. Zelenski daha əvvəl tədbir çərçivəsində Putinlə müharibənin başa çatdırılması ilə bağlı ikitərəfli danışıqlar aparmağı təklif edib.
Agentliyin yazdığına görə, APEC sammitində iştirak Putin üçün 2022-ci ildə başlayan müharibədən sonra ən diqqətçəkən beynəlxalq platformalardan birində çıxış etmək imkanı yarada bilər.
Bununla yanaşı, “Bloomberg”ə danışan mənbələr Rusiya rəsmilərinin G20 sammitinə qədər Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda ciddi irəliləyiş gözləmədiyini bildiriblər. Mənbələr həmçinin ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin fəaliyyətindən Kremlin getdikcə daha çox məyus olduğunu iddia ediblər.
G20 sammitinin dekabrın 14-15-də ABŞ-ın Mayami şəhərində keçirilməsi planlaşdırılır.
Putin və Tramp sonuncu dəfə 2025-ci il avqustun 15-də Alyaskada görüşüblər. Rusiya prezidentinin xarici səfərləri tətbiq olunan sanksiyalar, təhlükəsizlik məsələləri və 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin onun barəsində verdiyi həbs qərarı səbəbindən müəyyən məhdudiyyətlərlə üzləşir.
Buna baxmayaraq, Putin 2024-cü ildə Roma Statutunun iştirakçısı olan Monqolustana səfər edib. Rusiya Prezidenti Ukraynada müharibənin başlamasından sonra Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Şimali Koreya, Vyetnam və bir sıra keçmiş sovet respublikalarına da səfərlər edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.