AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropanın ən yaşlı şəhəri uğrunda mübarizə gedir

  • + A
  • - A
  • Bu gün, 08:33

    Avropanın ən yaşlı şəhəri uğrunda mübarizə gedir




    Bu həftə Avropanın səkkiz şəhəri qitənin ən ekoloji şəhəri adına mübarizə aparacaq. Avropa Komissiyası 2028-ci ilin “Avropa Yaşıl Paytaxtı” və “European Green Leaf” mükafatlarının qaliblərini oktyabrın 8-də Portuqaliyanın Gimaraeş şəhərində elan edəcək. Hazırda Gimaraeş Avropanın Yaşıl Paytaxtı titulunu daşıyır.

    2028-ci ilin “Avropa Yaşıl Paytaxtı” adına Danimarkanın Olborq, Polşanın Belsko-Biala, Slovakiyanın Koşitse, Portuqaliyanın Porto və İspaniyanın Saraqosa şəhərləri namizəddir.

    Daha üç şəhər — İspaniyanın Benidorm və Çiklana-de-la-Frontera, eləcə də Portuqaliyanın Estarreja şəhəri — 20-100 min əhalisi olan şəhərlər üçün nəzərdə tutulan “European Green Leaf” mükafatı uğrunda mübarizə aparır.

    Ekspertlər namizədləri yeddi əsas istiqamət üzrə qiymətləndiriblər: havanın keyfiyyəti, su ehtiyatlarının idarə olunması, biomüxtəliflik və yaşıllıq sahələri, tullantıların idarə edilməsi, səs-küy çirklənməsi, emissiyaların azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma.

    Finalçıların hər birinin özünəməxsus üstünlükləri var. Saraqosa şəhəri yaşıl infrastrukturun inkişafına görə yüksək qiymət alıb. Şəhərdə parklar, çay sahilləri, bataqlıq ərazilər, küçə ağacları və təbii zonalar vahid ekoloji şəbəkədə birləşdirilir. Bu yanaşmanın həm biomüxtəlifliyin qorunmasına, həm də daşqın riskinin azaldılmasına kömək edəcəyi gözlənilir.

    Porto isə su ehtiyatlarının idarə olunması və daha isti, qeyri-sabit iqlimə hazırlığı ilə seçilib. Son on il ərzində şəhərdə Rio-Tinto çayının yatağı və sahilləri bərpa edilib, güclü yağışlar zamanı suyu saxlaya bilən parklar yaradılıb. Bundan əlavə, təmizlənmiş çirkab sulardan yaşıllıqların suvarılması və küçələrin yuyulması üçün istifadə edilməyə başlanılıb.

    Əsasən kurort şəhəri kimi tanınan Benidorm isə şəhər mühitinin yaşıllaşdırılmasına diqqət yetirib. 2012-ci ildən etibarən şəhərdə ictimai bağların ümumi sahəsi təxminən 350 min kvadratmetrdən 1,5 milyon kvadratmetrdən çoxa çatıb. Ağacların sayı isə demək olar ki, dörd dəfə artıb. Hazırda şəhər sakinlərinin 92 faizi ictimai yaşıllıq zonasından 300 metrdən çox uzaqda yaşamır.

    Bu dəyişikliklər Avropada şəhərsalma yanaşmasında daha geniş tendensiyanı əks etdirir. Ekstremal istilərin və qeyri-sabit yağıntıların artması fonunda şəhərlər ağaclar, parklar və su üçün daha çox məkan yaratmağa çalışırlar.

    “Avropa Yaşıl Paytaxtı” titulunun qalibi ekoloji layihələrin həyata keçirilməsi üçün 600 min avro əldə edəcək. “European Green Leaf” kateqoriyasında isə bir və ya iki qalibin hər birinə 200 min avro veriləcək.

    Mükafatlar titulun veriləcəyi ildən bir ildən çox əvvəl təqdim olunur ki, qalib şəhərlər ekoloji proqram və layihələrini əvvəlcədən hazırlaya bilsinlər.

    Finalçılar planlarını oktyabrın 7-8-də beynəlxalq münsiflər heyətinə təqdim edəcəklər. Qaliblərin adları isə oktyabrın 8-də Portuqaliyanın Gimaraeş şəhərində açıqlanacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR