Politoloq Ülkər Piriyeva — Zəngəzur şərti: Ankara-İrəvan Sərhədinin Açarı Bakıdadır
Politoloq Ülkər Piriyeva
Bakı, 31 iyul — Azadmedia.az
Qardaş Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ölkəsinin Ermənistanla sərhədləri hansı halda açacağına aydınlıq gətirib. Qardaş dövlətin səfiri bildirib ki, bu, Zəngəzur dəhlizi ilə bağlı şərtlərin təmin olunacağı, eyni zamanda, Bakı ilə Ankara arasında müvafiq məsləhətləşmədən sonra mümkün ola bilər.
Səfir: “İki normallaşma prosesi bir-birinə paralel aparılır. Türkiyə-Ermənistan normallaşma prosesi ilə əlaqədar 2022-ci ildə xüsusi nümayəndələr təyin edilib. Məlumdur ki, Azərbaycan torpaqlanın işğalı ilə əlaqədar 1993-cü ildən Türkiyənin Ermənistanla sərhədi bağlıdır. Ermənistan dənizə çıxışı olmayan ölkədir, bu vəziyyətdən ən çox əziyyət çəkən erməni xalqıdır. Ermənistan şərqdən və qərbdən Azərbaycan və Türkiyə ilə həmsərhəddir və bu sərhədlər bağlıdır. Hamı bu sülhdən qazanacaq, amma daha çox Ermənistan fayda götürəcək. Biz normallaşma prosesinin sürətlənməsini istəyirik. Davamlı sülh anlaşması imzalanarsa və yaxud paraflanarsa, Zəngəzur Dəhlizi ilə bağlı şərtlər təmin olunarsa, uyğun vaxtda Ankara və Bakının məsləhətləşmələri nəticəsində Türkiyə-Ermənistan sərhədi də açıla bilər. Bu normallaşma prosesinin necə inkişaf etməsindən asılı olacaq”.
Bu mövzu ilə əlaqədar Azadmedia.az-a açıqlama verən politoloq Ülkər Piriyeva, qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycan dövlətinin maraqlarına hər zaman hörmət və ehtiramla yanaşdığını qeyd edib.
Politoloq Ülkər Piriyeva bildirib ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün sərhədlərin açılması ilə bağlı açıqlaması, əslində, regionda yeni reallıqların necə şərtləndiyini bir daha nümayiş etdirir. Səfirin vurğuladığı kimi, bu proses təkcə Ankara ilə İrəvan arasında ikitərəfli məsələ deyil – Bakı ilə Ankara arasında tam koordinasiya tələb edən strateji məsələdir.
1993-cü ildən bağlı qalan Türkiyə-Ermənistan sərhədləri təkcə coğrafi xətt deyil, həm də tarixi ədalətin və regionda güc balansının simvoludur. Ermənistan uzun illər boyu həm Azərbaycanın ərazi bütövlüyünə, həm də regional nəqliyyat-kommunikasiya xəritəsinə əngəl yaradan siyasət yürüdüb. Məhz bu səbəbdən Zəngəzur dəhlizi məsələsi Türkiyə-Ermənistan normallaşmasının açar şərtinə çevrilib.
Səfir Akgün haqlı olaraq qeyd edir ki, normallaşmadan ən çox Ermənistan faydalanacaq. Bu, reallıqdır: blokadada olan Ermənistan iqtisadi, logistika və ticarət baxımından regiona inteqrasiya etmək üçün Zəngəzur dəhlizi və Bakı-Ankara koordinasiyasına möhtacdır. Lakin bu faydanın gerçəkləşməsi üçün Ermənistan konkret öhdəliklər götürməli, kommunikasiyaların açılması istiqamətində real addımlar atmalıdır. Əks halda, normallaşma ritorik səviyyədə qalacaq.
Burada əsas mesaj odur ki, Türkiyə təkbaşına addım atmayacaq – Azərbaycanın təhlükəsizlik maraqları, suverenliyi və regional layihələrdəki rolu əsas determinantdır. Bu, bir tərəfdən, Azərbaycanın diplomatik mövqeyini möhkəmləndirir, digər tərəfdən isə Ermənistan üçün aydın siqnal göndərir: Bakı ilə razılaşmadan sülh, dəhliz və sərhəd açılışı mümkün deyil.
Eyni zamanda, Səfir Birol Akgünün bəyanatı həm Ermənistana, həm də beynəlxalq ictimaiyyətə mühüm çağırışdır: Cənubi Qafqazda davamlı sülh real razılaşmalar və öhdəliklər tələb edir – məhz bu şərtlər təmin olunarsa, bağlanan sərhədlər də açıla bilər.