Azərbaycan Xarici İşlər Nazirliyi Polşanın ictimai yayımçısı TVP World telekanalında Azərbaycanla bağlı yayımlanan süjetə görə Polşanın Bakıdakı səfirini XİN-ə çağırıb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, avqustun 26-da TVP World-də yayımlanan “Eastern Express” proqramında Azərbaycanla bağlı qərəzli, obyektivlikdən uzaq və qəbuledilməz fikirlərin səsləndirilməsinə, eləcə də proqram zamanı aparıcının təxribatçı davranışına görə Polşa səfirinə sərt etiraz bildirilib.
Polşa diplomatik nümayəndəsinə Azərbaycan tərəfinin etiraz notası təqdim olunub.
Görüş zamanı vurğulanıb ki, hazırda Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması və sülh prosesinin inkişaf etdiyi, Azərbaycanın uzunmüddətli sülh, sabitlik və regional təhlükəsizliyin təmin olunması istiqamətində qətiyyətli addımlar atdığı bir vaxtda reallığı düzgün əks etdirməyən məlumatların yayılması Bakıda suallar doğurur.
Azərbaycan XİN-i Varşavanı bu cür təxribat xarakterli anti-Azərbaycan kampaniyalarının dayandırılması üçün təcili tədbirlər görməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.