Məşhur Məmmədov,
Milli Məclisin deputatı12 noyabr 2026-cı il tarixində İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı Azərbaycanın xarici siyasət gündəliyi baxımından mühüm siyasi və diplomatik əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bu tədbirdə iştirakı və müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər Azərbaycanın Avropa məkanında artan siyasi, iqtisadi və strateji rolunun müzakirəsi üçün yeni imkanlar yaradıb.
Müasir beynəlxalq münasibətlər sistemində siyasi proseslərin sürətlə dəyişdiyi, təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı, enerji və nəqliyyat marşrutlarının geosiyasi əhəmiyyətinin artdığı bir dövrdə Dublində keçirilən görüşlərə yalnız diplomatik təmaslar kimi yanaşmaq düzgün olmazdı. Bu görüşlər Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə təşviqi, regional əməkdaşlığın genişləndirilməsi və yeni iqtisadi tərəfdaşlıqların qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dublin səfərinin diqqət mərkəzində olan məsələlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdür.
Görüşdə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar əsasında Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi müzakirə olunub. Tərəflər nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticarət münasibətləri, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.
Xüsusilə TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması, layihələndirilməsi, eləcə də tranzit imkanlarının inkişafı diqqət çəkən məsələlərdəndir.
Azərbaycan ərazisindən Ermənistana yük daşımalarının həyata keçirilməsi də müsbət praktiki addım kimi qeyd olunub. Rəsmi məlumata görə, ötən ilin noyabrından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb.
Bu fakt bir daha göstərir ki, regionda sülhün möhkəmləndirilməsi yalnız siyasi bəyanatlarla deyil, konkret iqtisadi və kommunikasiya layihələri ilə dəstəklənməlidir.
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, davamlı sülh qarşılıqlı suverenliyə, ərazi bütövlüyünə, beynəlxalq hüquqa və əldə olunmuş razılaşmaların ardıcıl icrasına əsaslanmalıdır.
Sülhün real məzmun qazanması üçün tərəflərin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi, regional kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi mühüm şərtlərdir.
Dublindəki zirvə toplantısının əsas mövzusu – “Avropa: güclü, təhlükəsiz və əlaqəli” – Azərbaycanın xarici siyasət və iqtisadi inkişaf prioritetləri ilə bir sıra istiqamətlərdə uzlaşır.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan biridir. Enerji resurslarının şaxələndirilməsi, alternativ təchizat imkanlarının genişləndirilməsi və yeni enerji bağlantılarının yaradılması Avropa ölkələri ilə münasibətlərdə Azərbaycanın strateji əhəmiyyətini artırır.
Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Rumen Radev və Çexiyanın Baş naziri Andrey Babişlə görüşlərində enerji, iqtisadiyyat, investisiyalar və nəqliyyat bağlantıları məsələlərinin müzakirəsi bu əməkdaşlığın konkret istiqamətlərini nümayiş etdirir.
Xüsusilə Azərbaycanla Bolqarıstan arasında elektrik enerjisi dəhlizinin yaradılması perspektivləri və Çexiya ilə enerji-ticarət münasibətlərinin inkişafı diqqətəlayiqdir.
Bu istiqamətdə əsas məsələ Azərbaycanın yalnız enerji ixracatçısı kimi deyil, Avropanın enerji təhlükəsizliyinin və regional bağlantıların formalaşmasında iştirak edən strateji tərəfdaş kimi mövqeyinin genişləndirilməsidir.
Dublində Ukrayna Prezidenti Volodimir Zelenski və Moldova Prezidenti Maya Sandu ilə keçirilən görüşlər də Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf etdiyini göstərir.
Ukrayna ilə görüşdə iqtisadi-ticarət münasibətləri, özəl sektorun iştirakı, humanitar əməkdaşlıq və qarşılıqlı səfərlər müzakirə olunub. Ukrayna Prezidenti Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa və quruculuq işlərinə maraq göstərildiyini vurğulayıb.
Moldova ilə görüşdə isə enerji təhlükəsizliyi, iqtisadi-ticarət əlaqələri və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ön plana çıxıb.
Bu təmaslar Azərbaycanın xarici siyasətində ikitərəfli münasibətlərin yalnız siyasi dialoqla məhdudlaşmadığını, iqtisadi, humanitar və texnoloji əməkdaşlıq istiqamətlərinin də mühüm yer tutduğunu göstərir.
Dublin görüşlərinin mühüm məqamlarından biri də Azərbaycanın Avropa ilə Asiya arasında etibarlı nəqliyyat və logistika bağlantılarının inkişafında oynadığı roldur.
Orta Dəhliz, Şərq-Qərb nəqliyyat marşrutları, enerji infrastrukturu və regional kommunikasiyalar Azərbaycanın beynəlxalq iqtisadi sistemdə mövqeyini gücləndirən əsas amillərdir.
Cənubi Qafqazda davamlı sülhün təmin olunması bu layihələrin iqtisadi səmərəsini daha da artıra, regionu qarşıdurma məkanından əməkdaşlıq və inkişaf məkanına çevirə bilər.
Bu baxımdan Azərbaycanın irəli sürdüyü regional əməkdaşlıq yanaşması təkcə ölkəmizin deyil, bütövlükdə regionun uzunmüddətli iqtisadi maraqlarına xidmət edir.
Dublində keçirilən görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal iştirakını, müxtəlif tərəfdaşlarla siyasi dialoqun davamlılığını və milli maraqlara əsaslanan xarici siyasət kursunu bir daha gündəmə gətirdi.
Əldə olunan nəticələrin əhəmiyyəti onların gələcəkdə konkret layihələrə, iqtisadi razılaşmalara, nəqliyyat bağlantılarına və regional təhlükəsizlik mexanizmlərinə çevrilməsi ilə ölçüləcək.
Azərbaycanın qarşısında duran əsas vəzifə əldə olunmuş diplomatik imkanları milli inkişafın, regional sabitliyin və beynəlxalq əməkdaşlığın real nəticələrinə çevirməkdir.
Əminliklə demək olar ki, Dublində aparılan müzakirələr Azərbaycanın sülh, təhlükəsizlik, enerji və nəqliyyat gündəliyinin Avropa miqyasında müzakirəsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.
Bu gün Azərbaycanın xarici siyasətinin əsas istiqaməti aydındır: milli maraqları qorumaq, suverenliyi möhkəmləndirmək, sülhü təşviq etmək və beynəlxalq əməkdaşlıq imkanlarını ölkənin davamlı inkişafına yönəltmək.
Bir sözlə, Azərbaycanın Avropa platformasındakı mövqeyi sülh, təhlükəsizlik və əməkdaşlıqdır.