AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətən eşqindən ucalsın Şuşada bayrağımız...

  • + A
  • - A
  • 10-10-2020, 11:42

    Vətən eşqindən ucalsın Şuşada bayrağımız...


    Nurəddin ƏDİLOĞLU yazır

    Azərbaycan əsgərlərini qələbəyə səsləyən hərbi mahnı və marşlarımız tezliklə Cıdır düzündə səslənəcək


    Azərbaycanın hərb tarixində döyüşçülərin ruh yüksəkliyini artırmaq üçün hər zaman vətənpərvərlik ruhunda bəstələnmiş hərbi mahnı və marşlara ehtiyac duyulub. Zərb-muğamlarımızın çoxundan hərbi marş kimi istifadə olunub. Belə mahnı və marşlar savaş başlanmazdan əvvəl qələbə əzmini gücləndirib, döyüşçüləri hücuma ruhlandırıb. Qılınc və söz sərkərdəsi Şah İsmayıl Xətainin qızılbaşlar ordusu döyüşdən qabaq "Urfanı" ("Ruhani") havasını dinləyərmiş... Milli ruhun yüksəlməsinə, düşmənə, yadellilərə qarşı mübarizə əhval-ruhiyyəsinin artırılmasına xidmət edən qəhrəmanlıq dastanlarımızda igidlərə nəğmələr qoşulub, düzmən üzərində qələbələr mədh olunub. Döyüş ovqatını ifadə edən bəstələr - “Heyratı”, “Cəngi”, “Misri”, “Şah Xətai”, “Heydəri” havaları bu gün də öz möhtəşəmliyi ilə fərqlənir. Aşıq sənətində xalqımızı mübarizəyə, döyüşə və qəhrəmanlığa ruhlandıran iyirmi üç saz havası vardır. Belə havalar və ya mahnılar təkcə estetik zövqü oxşamır, həm də gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında, milli birlik hisslərinin güclənməsində mühüm rol oynayır.

    Milli Ordumuzun igid əsgərlərinin işğalçı düşmənə layiqli cavab verdiyi son günlərdə Azərbaycan televiziya və radiosunun kanallarında ən çox hərbi-vətənpərvərlik mövzusunda mahnılar səslənir. Bu mahnıların mətni düşmənə qarşı vuruşmağın, Vətəni, ata-baba yurdunu qorumağın şərəfli bir iş olduğunu göstərir, haqdan-ədalətdən vaz keçməməyi öyrədir. Vaxtilə XX əsrin görkəmli fiziki, nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn belə deyirdi: “Mən yalnız sülhsevər deyil, həm də bir sülh savaşçısıyam. İnsanlar savaşa savaş açmadıqları müddətdə heç bir şey savaşları ortadan qaldırmayacaq.” Bu mənada ixtisasca həkim olan Şahin Musaoğlu bəstələdiyi hərbi mahnılarla, marşlarla yorulmadan sülh uğrunda savaş aparır. O, gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynayan 30-dan çox hərbi-vətənpərvərlik musiqisinin müəllifidir. “And içirik”, “Birinci batalyon”, “İgid əsgər, möhkəm dayan”, “Qalx,

    Azərbaycan!”, “Cənab Leytenant”, “Vətən əmanəti” və başqa populyar hərbi mahnıların sözləri də Şahinin özünə aiddir.

    Şahin Musaoğlu 1991-1994-cü illərdə könüllü olaraq Qarabağ savaşında, Ağdam - Ağdərə döyüş bölgələrində hərbi həkim - jurnalist kimi fəaliyyət göstərib. “İgid əsgər, möhkəm dayan” adlı ilk mahnısını da həmin illərdə yazıb. Azərbaycanın Levitanı adını qazanmış hərbi aparıcı Şəmistan Əlizamanlının ilk dəfə ifa etdiyi bu mahnını Şahin Musaoğlu Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr edib:

    Ya azad ol, ya candan keç,

    İki yoldan birini seç.

    Azadlığın şərbətin iç,

    İgid əsgər, möhkəm dayan!

    Onu da qeyd edək ki, Yusif Mirzəyev ağır yaralandıqdan sonra Şahin Musaoğlunun döyüş bölgəsində çalışdığı xəstəxanada müalicə alıb və sağ ikən bu mahnının varlığından xəbərdar olub. Həmişə Şahin ona baş çəkəndə bu mahnıdan söhbət açar və zümzümə edərmiş. Günlərin bir günü Şəmistan Əlizamanlının Yusif Mirzəyevi ziyarət etməsi mahnının ekrana, efirə yol tapmasına səbəb olub. Mahnının mətni sonralar Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin 4-cü sinif üçün dərs vəsaiti olan “Ana sözü” kitabına daxil edilib.

    Şahin Musaoğlunun vətənpərvərlik ruhunda qələmə aldığı “İgid əsgər, möhkəm dayan” adlı şeirlər kitabı 2003-cü ildə “Adiloğlu” nəşriyyatında işıq üzü görüb. 2014-cü ildə Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Dostluq Cəmiyyətinin təşəbbüsü ilə həmin şeirlər kitabı ərəb dilində nəfis tərtibatla məşhur “Əl-Risalə” mətbəə evində çap edilib. Şeirləri ərəb dilinə Azərbaycan Respublikasının Küveytdəki səfirliyinin əməkdaşı Babək Əhmədov tərcümə edib. 2016-cı ildə nəşr edilmiş “Yaşamaq gözəldir, yaşatmaq sonsuz” sənədli povesti də Şahin Musaoğlunun qələminin məhsuludur. Bu əsər dünyaca məşhur türk həkimi, Türkiyənin Başkənd Universitetinin qurucusu və bir sıra nüfuzlu elm ocaqlarının professoru, doktor Mehmet Haberala həsr olunub.

    Şəmistan Əlizamanlının ifasında səslənən “Ağ ümid”, “Birinci batalyon”, “Cənab leytenant” hərbi mahnıları da Şahin Musaoğluna böyük uğurlar qazandırıb. Şərəfli döyüş yolu keçən və doğma Vətəni göz bəbəyi kimi qoruyan Azərbaycan zabitlərinə həsr olunan “Cənab

    leytenant” mahnısını təkcə Azərbaycanda deyil, xarici ölkələrdə təhsil alan soydaşlarımız da sevə-sevə, həm də böyük şövqlə ifa edirlər. Kanadada Yusif adlı azərbaycanlı tələbənin təhsil aldığı universitetin şəhərciyində təşkil olunmuş konsertdə, Parisdə azərbaycanlı gənclərin tonqal başında “Cənab leytenant” mahnısını gitaranın müşayiəti ilə xorla ifası xaricdə yaşayan gənclərimizin bu mövzuda bəstələnən hərbi vətənpərvərlik mahnılarına marağının bariz nümunəsidir.

    Hay ver mənə, cənab leytenant!

    Hay ver mənə, leytenant!

    Xoş müjdəli bir savaşdan,

    Pay ver mənə, leytenant!

    Bir neçə il əvvəl “Eurovision” milli seçim mərhələsinə qatılan Nadejda Mikayılova adlı gənc ifaçının da bu mahnı ilə çıxış etməsi və klip şəklində hazırladığı layihə də sosial şəbəkələrdə böyük populyarlıq qazandı. Şahin Musaoğlunun fikrincə, hərbi vətənpərvərlik mövzusu ciddi mövzudur. İnsanların ruhuna, qeyrətinə, mənəviyyatına hesablanmış mövzudur. Bu mövzu Vətənə, anaya münasibətdir, coşqudur, ruhdur, qisasdır. Hər yeni mahnı yazmaq yeni nəfəs, yeni səhifədir. Hər yeni mahnı – yeni səs, yeni söz deməkdir. Şahin Musaoğlu “And içirəm”, “Vətən çağırır”, “Səfərbərlik” və “Çağırışçı” marşlarının müəllifidir. Onun Milli Təhlükəsizlik Nazirliyinin (indi DTX) 80 illiyi münasibətilə yazdığı “Öncə Vətəndir” marşı da məzmunludur.

    Şahinin on iki əsəri Silahlı Qüvvələrin hərbi hissə və məktəblərində tədris edilir. Özünün qələmə aldığı nəzm parçalarından savayı, M. Şəhriyarın “Azərbaycan”, Əhməd Cavadın “Bismillah”, Bəxtiyar Vahabzadənin “Yurdum”, Ramiz Rövşənin “Yalquzaq”, Hidayətin “Torpaq”, Rüstəm Behrudinin “Salam, dar ağacı”, Nizami Saraclının “Qurban Türkün bayrağına” sözlərinə bəstələdiyi mahnılar Azərbaycan Teleradiosunun “Qızıl” fonduna daxil edilmişdir. Onu da qeyd edək ki, “Qurban Türkün bayrağına” bəstəsi Türkiyə istehsalı olan “Savaşçı” serialının Azərbaycan və Türkiyə qardaşlığının yenilməzliyindən bəhs edən bir bölümündən sonra ərsəyə gəlib. Eyni zamanda, “Şahin Musaoğlunun müəllif mahnıları” adlı kompakt diskləri Azərbaycan və Türkiyə dinləyicilərinin ixtiyarına verilmişdir.

    Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) İdarə Heyətinin üzvü olan Şahin Musaoğlu Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Tibb xəbərləri” jurnalının məhsuldar yazarıdır. Hazırda o, Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasına rəhbərlik edir. Xatırladım ki, əvvəllər bu komissiyanın sədri mərhum xalq şairi Zəlimxan Yaqub idi. Şahin Musaoğlu bu illər ərzində göstərdiyi xidmətlərə görə “Fədai”, “Həzi Aslanov” medalları ilə, fəxri fərmanlarla mükafatlandırılıb.

    Sonda qeyd edim ki, bu gün də Vətən torpağı uğrunda qanlı savaşlar gedir. Cəbhəyə könüllü yollanan minlərlə Azərbaycan gəncini qələbəyə səsləyən mahnıların 57 yaşlı müəllifi özü də ehtiyatda olan zabitdir. Deyir ki, nə həkim, nə bəstəkar kimi missiyası hələ başa çatmayıb. “Mən öz missiyamı yerinə yetirmək üçün nə bacarıramsa, onu da edəcəm!..” Bu amal ilə yaşayan həkim, şair, bəstəkar Şahin Musaoğlunun bir vətəndaş kimi ən böyük arzusu Azərbaycan əsgərinin “Qələbə” marşının sədaları altında paraddan keçməsidir. Sülh naminə savaş aparan Azərbaycan əsgərlərinin arzusu da Şuşada və Bakıda hərbi orkestrin müşayiəti ilə Qələbə paradından keçməkdir.

    Biz hamımız səbirsizliklə həmin günü gözləyirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR