Hikmət Hacıyev: Papa XIV Leonun Bakıya gələcəyinə ümid edirik

Azərbaycan Roma Papası XIV Leonun Bakıda tikilməkdə olan ikinci katolik kilsəsinin açılış mərasimində iştirak edəcəyini gözləyir.
Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cefri Saksa müsahibəsində danışıb.
O bildirib ki, Bakıda inşa edilən yeni katolik kilsəsi Azərbaycan hökumətinin ianəsi hesabına tikilir. H.Hacıyev Roma Papası XIV Leonun açılış mərasimində iştirak etməsinin arzuolunan olduğunu qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanla Vatikan arasında sıx əlaqələr mövcuddur. Prezident İlham Əliyev də Roma Papasını Azərbaycana səfərə dəvət edib.
H.Hacıyev xatırladıb ki, II İohann Pavel 2002-ci ildə, Papa Fransisk isə 2016-cı ildə Azərbaycana səfər edib.
Prezidentin köməkçisi Azərbaycanın Vatikanla sivilizasiyalararası dialoq sahəsində əməkdaşlığına da toxunub. O, həmçinin Vatikan ərazisindəki qədim xristian katakombalarının bərpasına dəstək göstərilməsi imkanına görə Müqəddəs Taxt-Taca təşəkkür edib.
Xatırladaq ki, Müqəddəs II İohann Pavel adına kilsənin tikintisi üçün Bakının Yasamal rayonunda 0,17 hektar torpaq sahəsi ayrılıb. Məbədin təməli 2024-cü ilin dekabrında qoyulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.