Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu dəqiqləşdirilir

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyə dəyişikliklər təklif olunub.
Dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Təklif olunan dəyişikliklərə əsasən, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 21.17-ci və 21.18-ci maddələrində nəzərdə tutulan xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi nəzərdə tutulur.
Belə ki, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydaları tibb xidmətində vəzifəyə təyin olunan hərbi qulluqçulara da tətbiq ediləcək.
Qanunun 24-cü maddəsinə təklif olunan dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçuların daxil edilməsi və onların xidmət keçdiyi qurumların müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bundan başqa, məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəli ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin olunması məsələsinin qanunvericilikdə təsbit edilməsi təklif olunur.
Qeyd edək ki, dəyişikliklərin məqsədi ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunu dəqiqləşdirmək, xüsusi rütbələrin verilməsi qaydalarını vahid mexanizm əsasında tənzimləmək və müvafiq sahədə hüquqi bazanı təkmilləşdirməkdir.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.