AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elbariz Məmmədli: "Sən demə ayrılıqmış, ürəyimə sərdiyim..."

  • + A
  • - A
  • 1-02-2021, 21:55

    Elbariz Məmmədli: "Sən demə ayrılıqmış, ürəyimə sərdiyim..."


    Öyrənin
    (Allahverdi Gündoğduya)

    A biganə, qanı soyuq adamlar,
    Vətən nədir, duyan candan öyrənin.
    Qarabağda o dağların daşını,
    Öz qanıyla yuyan candan öyrənin.

    Ömür nədir, bir addımlıq su yolu,
    Bir uçumluq, bir dəryalıq qu yolu,
    Yaşamağı - adam kimi bu yolu,
    Keçib gedən o karvandan öyrənin.

    Millət ki, var, nəfər-nəfər yurd olur,
    Dağlarına "duman" gəldi, qurd olur,
    Var olanın kişiləri mərd olur,
    Kişiliyi coşan qandan öyrənin.

    Qan işidi, can işidi hürr olmaq,
    Hər millətə qismət deyil pir olmaq,
    Nəyə gərək dəli olmaq, kür olmaq?-
    Zəfər adlı imtahandan öyrənin.

    Həsrət qəmi gözü yaşlı ömürdü,
    Milyonların taleyini sümürdü,
    Nə bilirsiz, kim kölədi, kim hürrdü?
    Tarixləşən o dastandan öyrənin.

    Eşqlə yığdım bu qoşmanın sətrini,
    Dağlar necə haqqdan alır çətrini,
    Bu torpaqda otun-suyun ətrini,
    Allahverdi Gündoğandan öyrənin.

    Ona şeir yazıram

    Yığıb duyğularımı yolların arxasından,
    Ayırıb hisslərimi həsrətinin yasından,
    Asılıb bir mürgülü gecənin yaxasından,
    Sənə şeir yazıram.

    Doğrusunu deyim ki, ayrı işim də yoxdu,
    Fikrimi dağıtmağa bir vərdişim də yoxdu,
    Sən olan tərəflərə heç, gəlişim də yoxdu,
    Yenə şeir yazıram.

    Eh, səni tanıyalı həsrət olub, dərdiyim,
    Sən demə ayrılıqmış, ürəyimə sərdiyim,
    İllərin o tayında səni əldən verdiyim,-
    Günə şeir yazıram.

    Tək mən yaşamadım ki, qəmin də ulusu var,
    Hələ ki, gözlərimdə bir azca duru su var,
    Duyğumun zirvəsində sən adlı birisi var,
    Ona şeir yazıram.

    Böyütdük

    Hər günahın özümüzük, memarı,
    Gör, nə qədər yalanları böyütdük.
    Sürgünlərdə çürüyəni daşlayıb,
    Yağıya əl çalanları böyütdük.

    Dadammadıq bu, Vətənin tamını,
    Yad əllərdə söndürdülər şamını,
    Nağıl-nağıl aldatdılar, hamını,
    Qoynumuzda ilanları böyütdük.

    Nə qədərmiş, yad ünvana yol tutan,
    Öz canından özgələrə qul tutan,
    Düşmən ilə arxalarda əl tutan,
    Ayaq altda qalanları böyütdük.

    Zülmətləri yarammadıq, od əldə,
    Əzildikcə varlığımız, bəd əldə,
    Qiblə bilib yad ətəkdə, yad əldə,
    Çöküb namaz qılanları böyütdük.

    Qoymadılar, oğul sevə, yurdunu,
    Zirvələrdən düşürəli Qurdunu,
    Neçə dəfə bada verən ordunu,
    İsmi filan-filanları böyütdük.

    Hər anı bir sınaq olan vaxta bax,
    Ucqarlarda sonu çatan taxta bax,
    On illərlə taleyə bax, baxta bax.
    Ruhu yadın olanları böyütdük.

    Çox yaşadıq bu, taleyin qışında,
    Ümidimiz sevinclərin dışında,
    Nə yazıq ki, söz mülkünün başında,
    Söz canını alanları böyütdük

    Elbariz Məmmədli


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR