Yardımlı rayon Heydər Əliyev Mərkəzində “UNUDULMAZLAR” adlı tədbir keçirilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Oktyabrın 5-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qəhrəmanı əslən Yardımlı rayonunun Kürəkçi kəndindən olan Elçin Mansurova həsr olunmuş “UNUDULMAZLAR” adlı tədbir təşkil olunub.Tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşlar, Yardımlı rayon Peşə məktəbinin rəhbərliyi, müəllim, şagird kollektivi və Gənclərin İnkişaf və Karyeera Mərkəzinin Yardımlı nümayəndəliyinin direktor vəzifəsini icra edən Səfail İbişli iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru Aqil Ağayev Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, 30 illik həsrətin 44 günə sığmasının qürurverici olmasından ətraflı şəkildə bəhs edib. Zəfərimizin memarları olan Şəhidlərimizin daima anılmasınının vətəndaşlıq borcumuz olduğunu dilə gətirən A.Ağayev bütün Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can-sağlığı arzulayıb.
Tədbirdə çıxış edən Mərkəzin əməkdaşı Elşən Abışov və Yardımlı rayon Peşə məktəbinin direktoru Qabil Ağayev Azərbaycan gənclərində təzahür edən yüksək vətənpərvərlik duyğusundan, vətənə sədaqətin önəmindən söz açıblar.
Daha sonra tədbirdə çıxış edən Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Vətən müharibəsi Qəhrəmanı Elçin Mansurovun həyatı o cümlədən, təhsili, keçdiyi döyüş yolu haqqında ətraflı şəkildə məlumat verib.
Qeyd edək ki, Elçin Mansurov haqqında hazırlanmış videoçarx tədbir iştirakçılarına təqdim olunub.
Sonda Yardımlı Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş guşə ilə tanışlıqdan sonra xatirə şəkilləri çəkilərək tədbir sona yetib.
Ülkər Piriyeva