Noyabrın 25-də Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində dahi Azərbaycan şairinin özbək dilində çap olunan “Xəmsə”sinin təqdimatı keçirildi.
Nazirlikdən
Azadmedia.az-a verilən məlumata görə, Təqdimatda çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirakçıları salamladı və çıxış üçün sözü mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevə verdi.
Nizami Gəncəvi yaradıcılığını türk xalqları arasında mənəvi körpü kimi səciyyələndirən Elnur Əliyev bildirdi ki, böyük şair həmçinin bu bölgədə yaşayan türk və farsdilli xalqları da birləşdirib: “Bu layihə Nizami irsinin Özbəkistanda daha geniş yayılması üçün çox əhəmiyyətlidir. Tərcümə birbaşa orijinaldan edilib və bu da əsərin bədii dəyərinin qorunub saxlanılması deməkdir. Əlişir Nəvai də Nizami Gəncəvi də bizim ortaq mədəniyyətimizin böyük zirvələridir”.
Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov ölkəsində Nizami Gəncəvi yaradıcılığına böyük maraq və sevgi olduğunu dedi. Qeyd etdi ki, 1936-cı ildə Daşkəndəki indiki Dövlət Pedaqoji Universitetinə dahi Nizami Gəncəvinin adı verilib. 2004-cü ildə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimovun iştirakı ilə universitetin qarşısında dahi şairin büstünün açılışı olub. Böyük özbək şairi Əlişir Nəvai Nizami Gəncəvini öz ustadı, ilhamvericisi hesab edib, onu pir, Xızır adlandırıb. O, Nizaminin “Xəmsə”sini “Beş xəzinə” adlandıraraq hər poemanın başlanğıcında Nizamiyə hörmət və məhəbbət əlaməti olaraq xüsusi səhifələr yazıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov çıxışı zamanı bildirdi ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Xalq şairi Camal Kamal arasında dahi Nizami “Xəmsə”sinə daxil olan əsərlərin bütövlükdə özbək dilinə tərcümə olunmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, C.Kamalın rəhbərliyi ilə xüsusi redaksiya şurası yaradılıb və “Xəmsə”yə bütün poemalar orijinaldan tərcümə edilir.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli diqqətə çatdırdı ki, Nizaminin özbək dilinə ilk tərcüməsi XIII əsrdə “Xosrov və Şirin” poeması ilə başlanıb. İndi Nizaminin dahiyanə fikirləri özbək dilində dolğun şəkildə tərcümə olunur. Bu, Özbəkistanda Nizamiyə olan məhəbbəti göstərir. Akademik vurğuladı ki, “Kainatda hər şey cəzbə bağlıdır” deyən Nizami ümumdünya cazibə qanununu Nyutondan 500 il əvvəl irəli sürüb. Bu cazibəni “eşq” adlandıran Azərbaycan şairi təbiət hadisələri ilə insan münasibətləri arasında qırılmaz bir bağın olduğunu təsdiq edib.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, Özbəkistan Milli Universitetinin professoru Hamidulla Baltabayev, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Bədəlova, Özbəkistan Dövlət Universitetinin professoru Nigina Şermuhammedova, Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, professor Kərimulla Məmmədzadə çıxışlarında vurğuladılar ki, Nizami özü bir tərcüməçidir. Nizami insan ruhunu, onun tutduğu yolu tərcümə edir. O, insanın haradan gəlib, haraya gedəcəyini öyrədir.
Daha sonra mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Xəmsə”nin özbək dilinə tərcüməsində əməyi olan şəxslərə və Özbəkistandan forumda iştirak edən nümayəndə heyətinin üzvlərinə, Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanova “Nizami Gəncəvi – 880” xatirə nişanını təqdim etdi.
Professor Nigina Şirmuhammedova öz növbəsində Azərbaycan-Özbəkistan dostluğunu simvolizə edən, üzərində Nizami Gəncəvi və Əlişir Nəvainin portretləri həkk olunmuş vaza və xalqlarımızın tarixindən bəhs edən kitabları Elnur Əliyevə hədiyyə elədi. Professor Erkin Nuriddinov da Özbəkistanın tarixini əks etdirən kitabları nazirin birinci müavininə təqdim etdi.