Paris, 28 oktyabr, Azadmedia.az
Rumıniyanın Timişuara şəhərinin “Galereya Mansard” qalereyasında məşhur fotoqraf Reza Deqatinin “Müasir Odisey” (Une Odysee contemporaine- müasir uzun, macəralı yollar) adlı sərgisi açılıb.
Azadmedia.az xəbər verir ki, sərgidə R.Deqatinin Azərbaycanın azad olunmuş ərazilərindən çəkilmiş fotolar da yer alıb. Dağıdılmış tarixi, mədəni və dini abidələr, eləcə də azərbaycanlı uşağın nar yarpağı üzərində donmuş qanını əks etdirən fotolar maraq doğurub. Fotoqraf hər bir şəkilin tarixçəsi haqqında ziyarətçilərə məlumat verib. Yaşıl yarpaq üzərindəki qan ləkələrinin tarixçəsini danışaraq, onun bağçalarında nar dərdiyi zaman mülki əhali yaşayan zonaya ermənilərin atdığı raketin qurbanı olduğunu bildirib. Cəsədin çəkilməz halda olduğunu görən fotoqraf, uşağın nar yarpağı üzərinə səpələnmiş qanının fotosunu çəkib.
Sərgidə nümayiş olunan fotolar arasında, həmçinin erməni işğalı zamanı viran edilmiş Ağdam şəhərinin də fotosu diqqəti cəlb edib. Bu foto düşmənin nə qədər vəhşi və zalım olduğunu əks etdirir.
Fotolar arasında İçərişəhər üzərində yüksələn və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şirvanşahlar sarayı kompleksinin fotoları da yer alıb.
Mühacir həyatı sürən, müharibələr və sülhün bərqərar olduğu məkanlarda uzun yollar qət etmiş fotomüxbir insanlarla təmas qurur və fotoları vasitəsilə müxtəlif emosiyaları, xatirələri əbədiləşdirir. 1979-cu ildən dünyada baş verən sarsıntıların danılmaz şahidi olan Rza “sülh müxbiri” olmağı seçib. Reza münaqişədə olan cəmiyyətlərdə, meqapolislərin ətrafında insanların talelərini fotoları ilə vizual hekayəyə çevirir. Dəfələrlə beynəlxalq səviyyəli mükafatlarla təltif edilmiş Reza 35 kitabın müəllifidir. Aşoka Fondunun baş əməkdaşı olan Reza “World Press Photo”, Beynəlxalq Fotoqrafiya Mərkəzinin “Infinity Award”, “Lucy Award” mükafatları ilə təltif olunub. Missuri Universitetinin “Şərəf Medalı”na layiq görülüb. O, Paris Amerika Universitetinin fəxri doktoru adını alıb. Fransada Milli Xidmətlər üzrə Cəngavər medalı ilə təltif olunub.
Reza Deqatinin Timişuaradakı sərgisi bir ay davam edəcək.