Türkiyə Respublikasının qurulmasının 100-cü ildönümü münasibətilə Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri ziyarət edənlərin sayı rekord həddə çatıb. Oktyabrın 29-da Anıtqəbri 1 milyon 182 min 425 nəfər ziyarət edib.
Belə ki, Türkiyənin 100-cü ildönümü ölkədə müxtəlif tədbirlərlə yadda qalıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət nümayəndələrinin, siyasi partiya rəhbərlərinin Mustafa Kamal Atatürkün məzarını ziyarət etməsi ilə başlayan bayram tədbirləri ölkənin dörd bir yanında müxtəlif səpkilərdə davam etdirilib.
Paytaxtda keçirilən rəsmi hərbi paradı Mehtərən Qrupu, Türkiyə və Azərbaycan silahlı qüvvələrinin hərbi orkestrləri müşayiət edib.
Bayram tədbirləri çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələrinin “SOLO türk” akrobatikaviasiya komandasının Anıtqəbir üzərində nümunəvi uçuşları olub.
Doqquz “Akıncı” pilotsuz uçuş aparatı və “Kızılelma” pilotsuz hərbi təyyarə də ölkə səmalarında uçuş edərək türk bayrağını çəkib.
Türkiyə Hərbi Dəniz Qüvvələri 100 gəminin iştirakı ilə ölkə tarixinin ən böyük paradını keçirib. Nümayışdə “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan aviasiya vasitələri, eləcə də “F-16” və “F-4E” qırıcıları daxil olmaqla 20 təyyarə iştirak edib. Türkiyənin ilk yerli elektromobili olan “Togg” konvoyu İstanbulun “Yavuz Sultan Səlim” körpüsündən keçib.
Bayram ölkə səmalarında da qeyd edilib. İstanbulda işıq, atəşfəşanlıq və dron şouları təşkil olunub, 2023 pilotsuz uçuş aparatları vasitəsilə Türkiyə xəritəsini də özündə əks etdirən xüsusi 3D vizuallar nümayiş etdirilib. Şouda "Türkiyə Yüzyılı" və "100. Yıl" tipoqrafiyası da çəkilib.
Cümhuriyyətin 100 illik yubileyi münasibətilə Türkiyə Zərbxana və Mətbəəsi tərəfindən xüsusi “Beş türk lirəsi” xatirə pul nişanı çap edilib. AzərTac
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.