“Cari il sentyabrın 19-da ermənilərin təşkil etdiyi mina partlayışında həlak olan 6 nəfər haqqında danışan, habelə Ermənistanı mina xəritələrini paylaşmağa çağıran sərt bəyanatları görmürük. Ermənistanın təqdim etdiyi xəritələrin yalnız 25 faizi dəqiqdir və insan itkisi riski yüksək olduğundan bu xəritələrə etibar etmək olmur. Bu azmış kimi, bəzi beynəlxalq ekspertlər Azərbaycan ərazisinin minalardan təmizlənməsinin 30-35 il çəkəcəyini proqnozlaşdırır”.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə tanınmış poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ABŞ-ın populyar “Frontpage Magazine” qəzetində dərc olunmuş məqaləsində yazıb.
Bir sıra beynəlxalq siyasi ekspertlərin fikirlərinin yer aldığı “Niyə indi minaları qadağan etməliyik?” sərlövhəli məqalə qeyd olunub ki, ermənilərin tapılması müşkül olduğuna əmin olduğu mina problemi olmasaydı, Azərbaycan tərəfi daha çox ərazini zərərsizləşdirib məcburi köçkünlərin öz evlərinə qayıdışını təmin etmiş olardı.
Eyni zamanda diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 30 ilə yaxın davam etmiş hərbi işğalı nəticəsində ölkəmizin ərazisi kütləvi şəkildə mina və müharibə qalıqları ilə çirkləndirilib. Belə ki Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentliyinin (ANAMA) statistik məlumatına əsasən, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan indiyədək 189 mina partlayışı baş verib, 28 sentyabr 2023-cü il tarixinə bu partlayışlar nəticəsində 327 nəfər həlak olub. İsrailli politoloq bu mənada qeyd olunan problemi işıqlandıran statistikaların mina problemini həll etmək və günahsız insanların həyatını qorumaq üçün təcili tədbirlərin görülməsinə ehtiyac olduğuna dair həyəcan siqnalı verib.
Qeyd olunub ki, Azərbaycan tərəfi minaların tələ kimi qoyulduğunu əks etdirən videolar yayımlayıb. Belə ki, Xankəndidə yanacaqdoldurma məntəqəsində baş vermiş məlum partlayışdan sonra Azərbaycan hakimiyyəti Qarabağın erməni sakinlərinə yardım göstərmək məqsədilə humanitar yardım və yanğınsöndürənlər göndərib.
Sonda müəllif insan haqlarını müdafiə edən təşkilatların Azərbaycanı haqsız yerə tənqid edən çoxsaylı bəyanatları fonunda minalama ilə bağlı Ermənistanı qınayan bir bəyanatın belə mövcud olmamasını qərəzliliyin və ikili standartların aşkar təzahürü kimi qiymətləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.