Səmyar Abdullayev: “Qarabağda həyatın yenidən canlanması Prezidentimizin Böyük Zəfərdən sonra xalqımıza bəxş etdiyi ən böyük hədiyyədir”
Bu gün 8 Noyabr zəfərinin üçüncü ildönümüdr. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə bu şanlı tarixə nəzər salmağa, onun ən başlıca nüansları şərh etməyə çalışdıq:
-Səmyar bəy, 8 Noyabr zəfərinin tarixi önəmindən, hərbi-siyasi əhəmiyyətindən çox danışılıb. İstərdik bu qələbənin mənəvi əhəmiyyətindən danışasınız...
-8 Noyabr zəfərinin hərbi, eləcə də siyasi önəmi həqiqətən də böyükdür. Bu zəfər Azərbaycanın “məğlub ölkə” statusuna son qoydu, ölkəmizin iqtisadi baxımdan olduğu kimi, hərbi baxımdan da regionun bir nömrəli dövləti olduğunu təsdiqlədi. Uzun illərdir işğal altında qalan torpaqlarımız azad edildi, suverenliyimiz bərpa olundu. Azərbaycan beynəlxalq təşkilatların, aparıcı dövlətlərin 30 il müddətində edə bilmədiyini cəmi 44 gün ərzində reallığa çevirdi. Bununla da, sübut etdi ki, o, sühhə önəm verdiyi kimi döyüşməyi də, öz haqqını qeyri-diplomatik vasitələrlə təmin etməyi də bacarır.
Hesab edirəm ki, 8 Noyabr zəfərinin mənəvi əhəmiyyəti hərbi önəmindən heç də az deyil.
Bildiyiniz kimi, Qarabağ bizim üçün yalnız doğma vətənin itirilmiş bir parçassı deyildir. Qarabağ və işğaldakı ətraf rayonların azadlığı bizim üçün həm də bir şərəf məsələsi, qürur işi idi. Biz 2020-ci ilin 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə qazanmaqla öz tarixi haqqımızı bərpa etdik. Biz bütün dünyaya göstərdik ki, heç kim, heç bir qüvvə xalqımızı alçalda, onun ləyaqətini, heysiyyətini təhqir edə bilməz. Azərbaycan xalqı öz təhlükəsizliyinə, suverenliyinə həssas olduğu qədər də öz ləyaqətinə, mənəvi dəyərlərinə həssasdır və bu məsələdə kiməsə zərrə qədər də olsun güzəştə getməyəcək. Bu baxımdan 8 Noyabr zəfəri milli qürur və ləyaqətimizi bərpa etməklə yanaşı, xalqımızın özünün-özünə olan inamını da geri qaytardı. Və mən əminliklə deyirəm ki, Azərbaycan xalqını heç nə bu zəfər qədər xoşbəxt edə bilməzdi. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhidlərimizə və qazilərimizə minnətdarıq və bu minnətdarlıq əbədidir.
-Vətən müharibəsindən 3 il sonra – 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Qarabağda separatçılara qarşı lokal antiterror tədbiri həyata keçirdi. Sizcə qalib Azərbaycanı belə bir addım atmağa nə vadar etdi?
-Cari ilin 19-20 sentyabr tarixlərində Qarabağda lokal antiterror tədbilərinin keçirilməsinə səbəb Ermənistanın 2020-ci ilin 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi, separatizmə dəstək olması, beynəlxalq təşkilatların qətiyyətsiz və ikili siyasəti oldu. Bildiyiniz kimi, 10 Noyabr üçrətərfli Bəyanatına görə Ermənistan öz ordusunu Qarabağdan çıxarmalı, Rusiya sülhməramlıları buradakı qeyri-qanuni hərbi dəstələri tərksilah etməli, bölgədə təhlükəsizliyi təmin etməli idi. Lakin biz hər gün bunun tamam əksini müşahidə edirdik. Ermənistan bir ucdan Qarabağa hərbi texnika, silah-sursat və əlavə hərbi dəstələr daşımaqda davam edir, ordumuza, eləcə də mülki vətəndaşlarımıza qarşı terror aktları təşkil edirdi. Beynəlxalq təşkilatlar isə bütün bunları görməzdən gəlir, İrəvana siyasi baxımdan heç bir təzyiq göstərmirdi. Bu səbəbdən də, Azərbaycan məlum problemi yenə də özü həll etməli oldu. Nəticədə, 24 saatdan da az müddətdə Qarabağdakı separatçılar darmadağın olundu, bu ərazilər üzərində Azərbaycanın faktiki nəzarəti bərpa edildi. Prezident İlham Əliyev bununla bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan bölgənin lider dövlətidir və onun iradəsinə qarşı gəlmək mümkün deyil.
2023-cü ilin 15 oktyabr tarixində Müzəddər Ali Baş Komandan Xankəndində üçrəngli bayrağımızı qaldırmaqla bir daha bütün dünyaya ciddi mesaj ünvanladı. Prezidentimiz bununla göstərdi ki, Azərbaycana yönəlik məkirli niyyətlər, xam xəyallar puç olmağa məhkumdur və ordumuz bu kimi bədxah təşəbbüslərə hər zaman yalnız və yalnız qələbə ilə cavab verəcək.
-Səmyar bəy, bu gün Fransa, Hindistan və s. kimi ölkələrin Ermənistanı silahlandırması müşahidə edilməkdədir. Bu ölkələrədn Ermənistana hərbi təlimatçıların göndəriləcəyi də iddia olunur. Sizcə Vətən müharibəsində darmadağın edilən Ermənistanı bu kimi addımlarla yenidən dirçəltmək mümkündürmü?
-Bütün bunlar Ermənistanı təsəlli etmək, erməni ictimaiyyətini aldatmaq məqsədi ilə atılan boş və absurd addımlardır. Bu gün İrəvanın yanında olduğunu iddia edən, onu yenidən silahlandırmağa çalışan dövlətlərin məqsədi heç də Ermənistana kömək etmək deyil. Onlar sadəcə Ermənistana nüfuz etməklə bölgədə təmsil olunmağa, öz maraqlarını Cənubi Qafqazda təmin etməyə çalışırlar. Məqsəd sadəcə bundan ibarətdir. O ki qaldı, Ermənistanı silahlandırmaqla onu güc mərkəzinə çevirmək cəhdlərinə, təbii ki, bütün bu cəhdlər iflasa məhkumdur. Çünki Azərbaycanın Ermənistan üzərindəki hərbi, eləcə də iqtisadi üstünlüyü olduqca böyükdür və bu üstünlüyü heç bir dəstək ortadan qaldıra bilməz. Buna görə də Fransa və Hindistanın Ermənistana dəstəyi post-müharibə dönəmində formalaşan mövcud status-kvonu dəyişə bilməz. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan erməni faşizminin başını əzib və Dəmir yumruq daim öz yerindədir. Azərbaycan heç vaxt erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək və bu cür meyillərin qarşısı anındaca alınacaq.
-Dünən Prezident İlham Əliyev hərbi qulluqçuların vəzifə maaşlarını artırdı. Tarixi zəfərimizin üçüncü ildönümündə atılan bu addım Ali Baş Komandanın ordumuza, dövlətimizin təhlükəsizliyinə verdiyi önəm kimi dəyərləndirilə bilərmi?
-Şübhəsiz!
Prezidentin bununla bağlı verdiyi fərmanlar bir daha göstərdi ki, Azərbaycan dövləti öz əsgər və zabitinə böyük önəm verir, onun sosial durumunun mütəmadi şəkildə yaxşıalşdırılmasını diqqətdə saxlayır.
Hərbçilərin maaşının artırılmasını dövlətimizn təhlükəsizliyinin, müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan addım kimi də xarakterizə etmək mümkündür.Dünyanın istənilən ölkəsində sosial baxımdan ciddi təminat hərbçilərin fəaliyyəti stimullaşdıran əsas amillərdən biri hesab edilir. Bu baxımdan hərbçilərimizin maaşının artırılması onların maddi rifahını yaxşılaşdırmaqla yanaşı, zabitlərimiz üçün mənəvi baxımdan da ciddi stimul olacaq, onları yeni uğurlara ruhlandıracaq.
Təbii ki, Prezidentin maaaş artımı ilə bağlı fərmanı Zəfər Günü ərəfəsində elan etməsini hərbçilərimiz üçün əsl bayram hədiyyəsi kimi dəyərləndirmək mümkündür. Bu, bir daha Ali Baş Komandanın hərbçilərə olan qayğısını göstərir və bu siyasət xalqımız, cəmiyyətimiz tərəfindən də təqdir olunmaqda, alqışlanmaqdadır.
Onu da qeyd edim ki, Ali Baş Komandan dünən Müdafiə Nazirliyinin 3 hərbçisinə genera-mayor rütbəsi verdi. Prezident İlham Əliyev imzaladığı Sərəncamla Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhədi Xidməti tərəfindən ümumilikdə 1262 nəfər təltif edildi.
Təltif olunanların siyahısında 206 nəfər sentyabrın 19–20-də Qarabağda aparılan antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçular, 8 nəfər sentyabrın 19-da Əhmədbəyli–Füzuli–Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan polis əməkdaşları, 1 nəfər Vətən Müharibəsində itkin düşmüş və şəhid statusu almış hərbi qulluqçu və 1 nəfər Vətən Müharibəsinin iştirakçısı, I qrup müharibə əlili var.
Sərəncama əsasən 5 nəfər “Qarabağ”, 30 nəfər “Azərbaycan Bayrağı”, 55 nəfər 3-cü dərəcəli “Rəşadət”, 1 nəfər 2-ci dərəcəli “Rəşadət”, 6 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 283 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 327 nəfər “Vətən uğrunda”, 130 nəfər “İgidliyə görə", 1 nəfər “Suqovuşanın azad olunmasına görə”, 1 nəfər “Xocavəndin azad olunmasına görə”, 182 nəfər “Döyüşdə fərqlənməyə görə”, 176 nəfər “Cəsur döyüşçü”, 273 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Bütün bu faktlar Ali Baş Komandanın hərbçilərimizə olan diqqət və qayğıısnın təzahürüdür.
-Səmyar bəy, bu gün bir tərəfdən mina terroruna qarşı mübarizə aparan ölkəmiz, digər yandan işğaldan azad edilən ərazilərdə nəhəng quruculuq işləri həyata keçirməkdədir. Artıq minlərlə keçmiş məcburi köçkün öz dədə-baba yurduna qayıdıb. Reallaşmaqda olan Böyük Qayıdışı 8 noyabr zəfərinin təntənəsi adlandırmaq mümkündürmü?
-Birmənalı şəkildə!
Qarabağa istiqamətlənən “Böyük Qayıdış” əslində 44 günlük Vətən müharibəsinin mahiyyətini izah edən ən ali faktdır. Bu fakt bir daha sübut edir ki,Qarabağ tarixi Azərbaycan torpaqlarıdı və ordumuz o əraziləri azad edib ki, həmin torpaqlar hər zaman xalqımıza məxsus olub. Bu gün Qarabağa məhz o insnalar qayıdır ki, onlar 30 il öncə erməni işğalı səbəbilə bu torpaqları tərk etmiş, məcburi köçkün həyatlı yaşamağa məcbur olmuşdur. Bu gün Xankəndidə keçirilən parad Qarabağın Azərbaycana məxsusluğundan, vətəndaşlarımızın öz əzəli yurduna qayıdışından xəbər verir. Bu parad bir daha göstərir ki, bu torpağın əsl sahibi Azərbaycan xalqıdır və Azərbaycan xalqı əbədi olaraq öz tarixi yurdunda yaşamını davam etdirəcək.
Artıq 3 ildir ki, Prezident İlham Əliyevin bilavasitə nəzarəti və səyi ilə Qarabağda geniş quruculuq işləri həyata keçirilir. Hansı ki, Qarabağda görülən işlərin miqyas və mahiyyəti bütün dünyada, hətta Ermənistanda da açıq heyrətlə izlənilməkdədir. Görülən bütün bu işlər xalqımızın yaradıcılıq, quruculuq xislətindən, dövlətimizin sülhpərvər, humanist siyasətindən xəbər verir.
Çox keçməyəcək ki, vaxtiylə Qarabağda didərgin salınan bütün soydaşlarımız öz doğma diyarlarına qayıdacaq, uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızda həyat yenidən canlanacaq. Və Qarabağda həyatın yenidən canlanması Prezident İlham Əliyevin Azərbaycan xalqına Böyük Zəfərdən sonra bəxş etdiyi ən böyük hədiyyə olacaq.
Biz Azərbaycan Gözdən Əlillər Cəmiyyəti olaraq Zəfər Günü münasibəti ilə bu zəfərin baş memarı Müzəffər Ali Baş Komandanı, eləcə də Azərbaycan xalqını və Silahlı Qüvvələrimizi təbrik edir, dövlətimizin rifahı və təhlükəsizliyi naminə fəaliyyətində Prezidentimizə uğurlar arzulayırıq.