AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Atatürkün vəfatından 85 il ötür

  • + A
  • - A
  • 10-11-2023, 10:43

    Atatürkün vəfatından 85 il ötür


    Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından - 10 noyabr 1938-ci il tarixindən 85 il keçir. 

    Mustafa Kamal Atatürk, 1881-ci ildə hazırda Yunanıstan ərazisi hesab olunan Osmanlı imperatorluğunun Saloniki şəhərində dünyaya göz açıb.

    Gənclik illərindən yaşıdlarından xüsusi zəkası ilə seçilən Mustafa Kamal Osmanlının zəiflədiyi və dağılmağa üz tutduğu dövrdə hərbçi kimi yetişmək üçün bu sahədə təhsilə yönəlib. Tələbə yoldaşları ilə birgə dərnəklər və gizli təşkilatlar yaradan gənc Mustafa İttihad və Tərəqqi Firqəsinə də maraq göstərib. O, Liviya, Çanakkale, Suriya, Qafqaz cəbhələrində vuruşub, peşəkar zabit kimi paşalığa qədər yüksəlib.

    I Dünya müharibəsində Osmanlının məğlubiyyətindən və İttihad və Tərəqqinin hakimiyyətdən getməsindən sonra qurulan Damat Ferit Paşa hökumətinin təslimçi Sevr müqaviləsini imzalaması ilə barışmayan Kamal Paşa İstanbulda vəziyyəti analiz etdikdən, ətraflı götür-qoydan və Salonikinin işğalı ilə İstanbula qaçqın kimi gələn anası ilə vaxt keçirdikdən sonra 15 may 1919-cu ildə Sultanın imzaladığı qərarla müfəttiş kimi "Bandırma" gəmisində Anadoluya yollanır

    Həmin gün İzmirin işğalı xəbəri yayılır. 19 mayda Qara dənizdən Samsun sahillərinə çıxan Paşa - həmin gün milli qurtuluş uğrunda mübarizənin başlandığı gün hesab olunur - bir müddət sonra formasını çıxarır və xalqı işğalçı qüvvələrə qarşı təşkilatlandırmağa girişir. Kazım Qarabəkir kimi xeyli nüfuzlu paşalar əsgərləri ilə birlikdə Mustafa Kamalın başçılıq etdiyi azadlıq mübarizəsinə qoşulur. Ərzurum, Sivas və digər Anadolu şəhərlərində konqreslər - xalq yığıncaqları keçirilir.

    Mərhələli şəkildə bütün işğalçı qüvvələri Anadoludan təmizləməyə nail olunduqdan sonra 1922-ci ilin 11 oktyabrında Mudanyada atəşkəs imzalanır. 24 iyul 1923-cü ildə yekun sülh Lozanna müqaviləsi imzalanır və işğalçılar, böyük güclər Mustafa Kamalın rəhbərlik etdiyi Ankara hökumətini türk dövləti kimi tanıyırlar. Daha sonra - 29 oktyabr 1923-cü il tarixində rəsmən Türkiyə Cümhuriyyətinin qurulduğu elan edilir.

    Türkiyənin ilk prezidenti olan Mustafa Kamal 1934-cü ildə Atatürk soyadının qəbul edir. Türkiyəni "çağdaş mədəniyyətlər səviyyəsinə çatdırmaq və onları ötüb keçmək" amalı uğrunda mübarizə aparan Atatürk qurtuluşdan sonra quruluşa start verir və genişmiqyaslı islahatlar, mədəni inqilablar həyata keçirir. Savaş illərindən "yadigar qalan" böyrək xəstəliyi Atatürkün səhhətində ciddi problemlər yaradır. Zamanla yorğun bədəndə digər xəstəliklər və problemlər də özünə məskən tapır.

    10 noyabr 1938-ci ildə Atatürk 57 yaşında gözlərini əbədi olaraq yumur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR