Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası layihəsinin hazırlanması və 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi milli dövlətçiliyin inkişafında mühüm mərhələ olaraq, eyni zamanda dövlətin hüquqi institutlarının formalaşması prosesinə Ulu Öndərin ən böyük töhfələrindən biri idi.
Prezident İlham Əliyevin dediyi kimi, “xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
Ulu Öndər Heydər Əliyev sivil dövlətlərin hamılıqla qəbul etdiyi prinsiplərə və dəyərlərə söykənən Konstitusiyanın hazırlanmasını mühüm amil kimi qiymətləndirərək deyirdi ki, “bizim yeni konstitusiyamız birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”. Məhz belə bir Əsas Qanunun qəbul edilməsi milli dövlətçiliyin möhkəmlənməsinə münbit hüquqi şərait yaratdı. Eyni zamanda, Azərbaycanın inkişafında yeni nailiyyətlərin əldə olunması, hüquqi bazanın müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsi zərurəti Konstitusiya islahatlarının həyata keçirilməsini tələb etdi. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddədə 30-dan artıq əlavə və dəyişiklik edildi. Qeyd olunan dəyişikliklərin edilməsi Azərbaycanda sosial dövlət modelinin inkişafının təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının təminatının qücləndirilməsi, konstitusiya-hüquq nizamının möhkəmləndirilməsi zərurətindən irəli gəlirdi.
Bu gün ölkəmiz Konstitusiyanın qəbul edilməsinin 28-ci ildönümünü çox əlamətdar bir şəraitdə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində tarixi Qələbənin qazanılması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Konstitusiyanın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaratdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.