AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bizi dəyişdirən zəfər: Qururuq, yaradırıq, yaşadırıq - ŞƏRH

  • + A
  • - A
  • 10-11-2023, 21:43


    Ən böyük nemətimiz sayılan müstəqilliyimizin yaşı cəmi 32 ildir. Tarix üçün çox qısa müddət sayılsa da, bu zaman kəsiyində dövlət, xalq olaraq yaşadıqlarımız bəlkə də əsrlərə bərabərdir. İşğal, soyqırımlar, milyondan artıq məcburi köçkün və qaçqın ordusu, viran qoyulmuş, xarabaya çevrilmiş şəhərlər, kəndlər, məğlubiyyət, ən sonda isə yaddaşlarımıza əbədi həkk olunan tarixi zəfər. Sadaladıqlarımızın hər biri fərd olaraq, millət olaraq düşüncəmizdə, həyat tərzimizdə, dünyaya baxışımızda dəyişikliyə yol açdı.

    “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

    Artıq işğal günlərini yox, zəfər tarixini öyrənirik

    Bir milləti var edən, yaşadan onun əyilməz qüruru, sınmaz iradəsi, əzmidir. 30 illik işğal bizim iradəmizi sındıra bilməsə də, qürurumuzu incitdi. Bəzilərimizdə istər-istəməz məğlub xalq, məğlub dövlət stereotipi yaranmağa başladı. Lakin sahib olduğumuz dəyərlər, əzmkarlıq, dövləti doğru yola yönəldən, cəmiyyətdə Vətən sevgisini ölməyə qoymayan liderlik bizləri möhtəşəm zəfərə apardı.

    Artıq məktəblərdə uşaqlarımıza işğal günləri yox, zəfər tarixi tədris edilir. Bu gün ayrılıq, həsrət şeirləri, mahnıları yox, qəhrəmanlıq dastanları yazılır. Ruhumuz qələbə notları ilə bəslənir. Gəncliyimiz işğalın fəsadlarından azad ruhda böyüyür, inkişaf edir. Biz fərd olaraq, cəmiyyət olaraq dəyişirik. Yenə də minlərlə şəhidimizin qanı, canı hesabına qazandığımız, bizləri bütövləşdirən, tam edən zəfərimizin hesabına...

    Kim nə əkirsə, onu da biçir

    Dəyişən tək insanlarımız yox, həm də cəmiyyətimiz, dövlətimizin dünyaya baxışıdır. Tarixi zəfərlə tək ərazi bütövlüyümüzü, suverenliyimizi, millət olaraq qürurumuzu bərpa etmədik. Həm də kimlərin bizim üçün dost, kimlərin isə sözdə dost olduğunu görmək imkanı qazandıq. Azərbaycan artıq özünün dostlarını, müttəfiqlərini çətin gündə ona göstərilən münasibət əsasında seçir. Beynəlxalq səviyyədə əlaqələrini bu prinsip əsasında qurur. Ən başlıcası isə, seçimlərimizə, yanaşmalarımıza kimsə irad bildirə, bizləri dövlət olaraq qınaya bilmir. Çünki ortada üç illik reallıq, təcrübə var. Atalarımız demiş, kim nə əkirsə, onu da biçir. Çətin günün dostu olanlar bu gün dünyanın ən mühüm geosiyasi məkanlarından sayılan bölgəmizdə Azərbaycanın tarixi zəfərdən sonra yaratdığı yeni imkanlardan, reallıqlardan geniş şəkildə istifadə etmək, yararlanmaq fürsətinə malikdir. Hansı ki, biz artıq bunun ilkin nəticələrini də görürük. Haqq işimizi kölgələyənlərə isə sadəcə kənardan baxmaq qalır, məkrli planları artıq işə yaramır. Çünki biz dəyişmişik, dünyaya, dost-düşmən anlayışına baxışımız dəyişib.

    Qururuq, yaradırıq, yaşadırıq...

    Millətimizin özgüvəni qayıdıb, gücünə, potensialına olan sarsılmış inamı bərpa olunub. Artıq gələcəyə qaranlıq keçmişdən yox, nurlu sabahdan baxırıq. Qururuq, yaradırıq, yaşadırıq...

    Zəfər həm də tarixi torpaqlarımızın simasını dəyişir. 30 illik işğal dövründə xarabaya çevrilmiş yurd yerlərimizə qayıdırıq, orada cənnət yaradırıq. Bütün çətinliklərə, bizlərin dəyişməməsi üçün əllərindən gələni edənlərin bütün məkrli planlarına, təxribatlarına baxmayaraq, qarşımıza qoyduğumuz hədəfə doğru inamla irəliləyirik.

    Dünyaya bir millətin, dövlətin çox qısa müddətdə necə dəyişdiyini, hansı potensiala malik olduğunu, qurub-yaratmaq əzmini qürurla nümayiş etdiririk.

    Dünyanın da bizə baxışı dəyişib

    Bunun nəticəsidir ki, dünyanın da bizə baxışı dəyişib. Qalib dövlət, qalib lider, qalib millət olaraq sözümüzlə hesablaşır, yaşadığımız coğrafiyada məhz bizim əsl söz sahibi olduğumuzu qəbul edirlər. İndi hər birimizin səfər etdiyi hər hansı xarici ölkədə işğala məruz qalan dövlətin vətəndaşı kimi yox, öz gücü və imkanları, ordusunun qəhrəmanlığı və liderinin əzmi, iradəsi ilə qalib gələn millətin təmsilçisi kimi qarşılanırıq. Artıq haqq-ədalətin bərpası, həqiqətlərin qəbul edilməsi, işğalın aradan qaldırılmasına görə kimlərdənsə yardım ummuruq. İndi bizdən məsləhət alırlar, indi Azərbaycan bir çoxlarına yol göstərir.

    Dəyişməyən tək həqiqət

    Bəli biz dəyişdik. Millət olaraq, xalq olaraq, dövlət olaraq dəyişdik. Tarix boyu dəyişməyən tək bir reallıq var - “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Bu həqiqət dövlətimiz, millətimiz var olduqca dəyişməyəcək. Bu reallığı dəyişməyə cəhd edənlər isə, hər zaman qarşısında güclü Azərbaycan, qalib millət, qüdrətli Ordu görəcəklər. Artıq bu dəyişikliyi hər kəsin qəbul etməsinin zamanı çatıb. Bizə bu dəyişiklikləri yaşadan zəfərin mübarək, Azərbaycan!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR