“Gələn ilin dövlət büdcəsinin proqnozlarında neft sektorundan vergi daxilolmalarında iki dəfəyə qədər azalma gözlənildiyinə görə ümumi vergi daxilolmalarında 2023-cü ilin proqnozundan - 7,5 % geriləmə olacaq. Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq həcmdə azalıb. Yəni iki dəfəyə qədər azalma baş verib. Bu, bizi kifayət qədər narahat etməlidir. Bunun müəyyən səbəbləri var. Biri odur ki, cari ilin əvvəlində dünya miqyasında qaz qiymətləri kəskin surətdə artmışdı. Yanvar-fevral aylarında hətta 3 min ABŞ dollarına qədər qaz qiymətləri artmışdı. Şübhəsiz ki, Azərbaycan da bundan bəhrələnmişdi. Eyni zamanda dünya enerji bazarlarında olduqca müsbət münbit qiymət konyukturası bu gün mövcuddur. Hətta bu da nəzərə alınmaqla dövlət büdcəsində neftin qiyməti 60 ABŞ dollarına qaldırılıb".
Bunu Milli Məclisin plenar iclasında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
“Neftin 10 ABŞ dolları bahalaşması dövlət büdcəsinin gəlirlərini təxminən 420 milyon manat artırıb. Bu, Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini daha da çoxaldıb. Bu gün bizdə dövlət büdcəsində neftin qiyməti 60 ABŞ dolları təşkil edir, beynəlxalq təşkilatların proqnozlarında təxminən 80 ABŞ dollarıdır. Söhbət təxminən 850 milyon manatdan əlavə gəlirdən gedir. Biz növbəti ilin vergi daxilolmalarını qiymətləndirsək, 2 milyard 27 milyon manat neft sektoru üzrə kəsirimiz əmələ gəlir. Lakin, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vergi daxilolmaları gələn il cari illə müqayisədə 240 milyon manat çox olacaq. Bu sektordan daxilolmalar 1 milyard manatdan yuxarıdır. Bunları da nəzərə almaqla bizim fərqimiz təxminən 850 milyon manat təşkil edir. Amma bizim qarşımızda proqramlar var və böyük vəzifələr qoyulub. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiə qabiliyyətimizin gücləndirilməsi kimi çağırışlar var. Bu işlərin görülməsi üçün bizim xərclərimiz təxminən cari ilin səviyyəsində saxlanılıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.