AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ƏMİNƏ ƏRDOĞAN: “QƏZZA BU GÜN NAMƏLUM UŞAQLAR ŞƏHƏRİDİR” - ÖZƏL

  • + A
  • - A
  • 15-11-2023, 21:40

    ƏMİNƏ ƏRDOĞAN: “QƏZZA BU GÜN NAMƏLUM UŞAQLAR ŞƏHƏRİDİR” -


    Bakı, 15 noyabr — Azadmedia.az



    ƏMİNƏ ƏRDOĞAN: QƏZZA BU GÜN NAMƏLUM UŞAQLAR ŞƏHƏRİDİR

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan ev sahibliyi etdiyi, bir çox ölkədən dövlət və hökumət başçılarının xanımlarının və xüsusi nümayəndələrin iştirakı ilə keçirilən “Fələstin üçün tək ürək” toplantısında qonaqlara müraciət edib.

    Bu gün bütün şagirdləri şəhid olduğu üçün tədris ilinin rəsmən başa çatdığını açıqlayan Qəzza Təhsil Nazirliyi ilə bağlı danışmaq üçün toplaşmadıqlarını ifadə edən Əminə Ərdoğan, “Qardaşlarına “Qorxmayın, tezliklə öləcəyik” sözləriylə təsəlli verən, tabutdan daha təhlükəsiz bir yer bilməyən uşaqlar üçün də bu gün artıq gecdir. “Böyüyəndə nə olacaqsan?” sualına, “Fələstinli uşaqlar böyüyə bilməz” deyən o körpələr üçün də gecikdik. Oyunları bombalardan qaçmaq, xərəklə yaralı daşımaq, dağıntılar qazmaq və şəhidlik olan uşaqları yad etmək üçün toplaşmadıq bu gün. Bu gün buradayıq, çünki biz ammasız, niyəsiz atəşkəs tələb edirik.

    Tarixdə yaşadılan dəhşətli məzlumluq yolu ilə özünə beynəlxalq legitimlik sahəsi açmış bir dövləti ona qarşı duyulan günahkar psixologiyası ilə açıq-aşkar ərköyünləşdirən beynəlxalq sistemin 40 gündür necə qorxulu məxluqa çevrildiyinin şahidi oluruq.

    Ağlıma hər şey gələrdi, amma heç düşünməzdim ki, bir gün müharibələrdə şəxsiyyəti müəyyənləşdirilə bilməyən əsgərlər üçün istifadə edilən “naməlum əsgər” anlayışını uşaqlar üçün istifadə edəcəyik.


    Şəfa xəstəxanasında çalışan həkimin “Ən çətin şeyin həyatını itirmiş bir körpənin bədəninə naməlum körpə yazmaq olduğunu” söyləməsi qəzzalı uşaqların yaşadığı dəhşəti xarakterizə edir. Qəzza bu gün naməlum uşaqlar şəhəridir. Mən bir ana, bir qadın, bir insan olaraq belə çirkin mirası hesaba çəkilmədən sonrakı nəsillərə ötürməkdən imtina edirəm. Mən İsrail dövlətinin bütün müvafiq nümayəndələrinin törətdikləri bütün hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasını tələb edirəm. Hesab edirəm ki, bu gün Fələstində yaşanan post-modern holokostun özünümüdafiə hüququnun təzahürü olduğunu iddia edənlər də eyni şəkildə məsuliyyət daşımalıdırlar. Artıq heç kim bu gülməli ritorika ilə dünyanın vicdanlı insanlarını axmaq yerinə qoymasın”, - deyib.

    Təxminən bir əsrdir Fələstin xalqına tətbiq edilən irqçi əməlləri, sistemli oğurluğu və işğal planlarını artıq bütün dünyanın açıq şəkildə gördüyünə diqqət çəkən Əminə Ərdoğan şərq və qərbdəki bütün dövlətlər olmasa da, bütün xalqların artıq Fələstinin haqlı mübarizəsinin müdafiəçisi olduğunu vurğulayıb.

    “Humanist dəyərlərin daşıyıcısı olduğunu iddia edən “sivil dünya”nın 40 gün ərzində nümayiş etdirdiyi acizlikdən, apardığı ikiüzlü siyasətdən öz xalqları kimi biz də çox utanırıq. İlk daşı heç kim ata bilmir, çünki çoxunun bu cinayətdə tarixi payı var. Bu gün yaşanan etnik təmizləməni Yaradanın əmri kimi müdafiə edənlərə səslənirəm. Allah heç bir uşağın öldürülməsinə icazə verməz. Yaradana belə dəhşətli böhtan atmağa necə cəsarət edirsiniz? Bir müsəlman olaraq bunu qəti şəkildə rədd edirəm. Çünki inandığımız Allah rəhman və rəhmlidir. İlahi cəzaya layiq şəhərlərdə belə ən azı 10 günahsız insanın olduğunu deyən, o günahsız canlara əzabın gəlməməsini arzulayan, canını onlar üçün fəda etməyə hazır olan, bütün bəşəriyyəti mənəvi övladları olaraq qəbul edən ortaq atamız İbrahim peyğəmbərin qarşısına hansı üzlə çıxacaqsınız? dağıdılan şəhərlərdə belə o canlar üçün özünü fəda etmək və kim bütün insanlığı özünün mənəvi övladları hesab edirdi? Görəsən 4 mindən çox uşağı öz azğın ideologiyanız naminə qətlə yetirdiyinizi İbrahim peyğəmbərə necə izah edəcəksiniz?

    Heç bir ideologiya, heç bir siyasi maraq, heç bir iqtisadi qazanc günahsız bir insanın həyatından dəyərli deyil. Mən reallıqdan və ədalətdən uzaq planlarını həyata keçirmək üçün uşaqları sərf olunacaq yanacaq kimi görən sionist çarxın bu narsissizminə bəşəriyyətin məğlub edilməsini rədd edirəm. Yer üzündə qırğın, işğal, oğurluq törədənləri, inancların yaşanmasına mane olanları necə bir son gözlədiyini tarix saysız-hesabsız nümunələrlə göstərir. Tarixin vicdanı heç vaxt zalımın tərəfində olmayıb. Bu gün bu zülmü edənlər bilməlidirlər ki, onların adları qısqanclığı və ehtirasları ucbatından qardaşını öldürən Qabillə, uşaqları qətlə yetirən Nəmrudla, yüzlərlə yeni doğulmuş uşağı öldürən Fironla yanaşı xatırlanacaq. Yaxın keçmişdə yəhudiləri məhv etməyə çalışan qəddarlıqla eyni yerdə xatırlanacaqsınız”, - birinci xanım bildirib.

    13 yaşlı yəhudi qız Anne Frankın İkinci Dünya Müharibəsi zamanı yaşadığı zülmləri gündəliklərinə yazarkən işlətdiyi ifadələrin demək olar ki, eynisini bu gün Qəzzada evi dağıdılan və cənuba qaçmaq məcburiyyətində qalan Bisan Ovdanın videolarında izlədiklərini ifadə edən Əminə Ərdoğan “Görəsən İsrailli nazir Qəzzaya atom bombası atmağı variantlardan biri olaraq düşünərkən susanlar Xirosimanın qızı Sadako ilə Fələstin uşaqları arasında nə fərq görürlər? Dünən “uşaqları kiçik güllələrlə öldürürlər, hə, ana?” deyə soruşan bosniyalı uşağı xilas edə bilməməyin ağırlığını daşıyan qlobal vicdan bu gün qəzzalı uşaqların üzərinə yağan raketlərin dayandırılması üçün nə gözləyir?”, - deyə vurğulayıb.

    Əminə Ərdoğan İsrailə və Birləşmiş Millətlər Təşkilatının 5 daimi üzvünə səslənərək bu sözləri deyib:

    “Buradan İsrail dövlətindən və dünyada sülh və asayişin bərqərar edilməsinə cavabdeh olan Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvündən soruşmaq istərdim ki, bu vəhşiliyə son qoymaq üçün hansı kritik ölüm həddini gözləyirsiniz? Vicdanları kar edən səssizlikdəki beynəlxalq ictimaiyyətdən soruşmaq istəyirəm. 40 gündür davam edən bu utanc dövründən sonra hansı haqla dünyada sülhü və ədaləti, ümumbəşəri dəyərləri müdafiə edəcəksiniz? Charlie Hebdo-da həyatını itirənlərin hüquqlarını müdafiə etmək üçün sıraya düzülən və həmin fotoda böyük həvəslə yer alan dünya liderlərinin qəzzalı günahsızlar qarşısında büründüyü səssizlikdən nə başa düşməliyik?İnsan Haqları Bəyannaməsində bir çox beynəlxalq müqavilələrdə hüquqları qorunan insan anlayışı yalnız Qərbin müəyyən etdiyi sərhədlər daxilində olanları əhatə edir?

    Bir həyatı digərindən ayıran, özündən olmayan hər kəsi və hər şeyi dəyərdən salan bu qaranlığa heç vaxt təslim olmayacağıq. Biz insanları dilindən, dinindən, irqindən və rəngindən asılı olmayaraq şəfqətlə qucaqlayan və onları dəyərli hesab edən qlobal anlayışı müdafiə edəcəyik. Günahsızı, qaçqını, qadını və uşağı, bir sözlə, insanları gəldikləri yerə görə qiymətləndirən ayrı-seçkilikçi zehniyyətin daima qarşısında dayanacağıq.

    Bu gün şahidi olduğumuz şey müharibə deyil, yalnız ən güclü və qəddarların sağ qaldığı, digər həyatların asanlıqla qurban verilə biləcəyi bir dünya nizamı qəbul etdirmə cəhdi, əzəldən əbədiyyətə qədər davam edəcək yaxşının, gözəlin, həqiqətin batil ilə mübarizəsidir. Buna görə də mən bütün dövlət başçılarının xanımlarını Qəzzada öldürülənlərin və kütləvi qırğın davam edərkən səsləri susdurulmaq istənənlərin səsi olmağa dəvət edirəm. Qəzzalı və beynəlxalq mətbuat nümayəndələri, səhiyyə işçiləri, humanitar yardım işçiləri onların müdafiəsinə cavabdeh olan beynəlxalq birlik uğursuzluğa düçar olduğu halda sözün əsl mənasında insanlıq üçün canları bahasına keşik çəkdiyi bir vaxtda, gəlin biz də atəşkəs elan edilənə qədər olduğumuz hər yerdə əlimizdə olan bütün imkan və vasitələrlə onlar üçün keşik çəkək. Gəlin yeni ictimai məkana çevrilmiş sosial mediada hamılıqla dərhal atəşkəsə, sülhə və humanitar yardıma çağırmağa davam edək. Hər birimizin fərdi olaraq güclü səsimiz, bir araya gəldikdə daha da güclü səsimiz var. Gəlin onlar və dünya üçün elə indi atəşkəs üçün sözlərimizi birləşdirək. Gəlin bu görüşü sözdən hərəkətə keçirərək Fələstində sülh təşəbbüsünə çevirək.

    Çünki atəşkəs bizim əsas məqsədimiz olsa da, son məqsəd deyil. Gəlin bütün dünyanı eyni səslə Fələstində və İsraildə davamlı sülhə nail olmaq üçün səylərimizi birləşdirməyə çağıraq. Fələstinli uşaqlara və gənclərə ölmək və ya öldürülməkdən başqa insan ləyaqətinə yaraşan bir gələcək borcumuz var. Məhz buna görə indi paytaxtı Şərqi Qüds olan və ərazi bütövlüyü qorunan tam müstəqil Fələstin dövlətinin daxil olduğu iki dövlətli həllin vəd etdiyi gecikmiş sülhü bərqərar etməyin vaxtıdır. Bölgənin və hətta dünyanın sülh və əmin-amanlığı üçün Fələstindəki haqsız işğala son qoyulmalı və İsrail ələ keçirdiyi torpaqları sahibinə, fələstinlilərə qaytarmalıdır. Qəzza uşaqlarına parlaq gələcək vermək üçün xarabalıqlardan yenidən qurulmalıdır. İsrail tərəfindən dağıdılan məktəblər, parklar və xəstəxanaların yenidən inşası üçün BMT və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində indidən fond yaradılmalıdır”.

    Birinci xanım Əminə Ərdoğan toplantıda iştirak edən və videomüraciət göndərməklə Fələstin üçün tək səs, tək ürək olmaq çağırışına ammasız və qeyd-şərtsiz dəstək verən qonaqlara təşəkkür edərək sülh və əmin-amanlıq naminə deyilən hər sözün bir-birinə qarışıb dünyada və ən çox da qərar vericilərin gözündə mənalı bir təsirə sahib olacağına ümid etdiyini söyləyib.

    “Unutmayın ki, bu gün biz Fələstini xarabalıqlar, qan, göz yaşları və dumanlar içində görə bilərik, lakin bu qaranlıq mənzərənin arxasında bizim bir Fələstin xəyalımız var. Fələstinli uşaqların dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Qəzzanın sahillərində əl-ələ, qardaşcasına gəzişdiyi bir xəyal. Limon ağaclarının çiçək açdığı, günəşin zeytun budaqlarındakı meyvələrə işıq saldığı, ataların qorxmadan çvladlarıyla görüşdüyü, anaların övladlarını öpüb qəbrə deyil, yatağa qoyduğu bir Fələstin. Bu Fələstin xəyalı bizim əlimizdədir, vədimizdədir, bugünkü hərəkətlərimizdədir. Yaxşı ki, ətrafımızı bürüyən zülmətdə vicdanlarınızla bəşəriyyətə işıq olmağa niyət edən sizlər var”, - o, qeyd edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR