Son günlər ABŞ administrasiyası ilə münasibətləri gərginləşən milyarder İlon Maska qarşı daha bir ittiham irəli sürülüb. Azadmedia.az Reuters agentliyinə istinadən xəbər verir ki, ABŞ Konqresinin üç üzvü İlon Maskın “SpaceX” şirkətində əmək təhlükəsizliyi qaydalarının pozulması, istehsal və buraxılış sahələrində yüzlərlə insanın xəsarət alması ilə bağlı məsələ qaldırıb. Onlar iddia ediblər ki, 2014-cü ildən bəri bu şirkətdə ən azı 600 nəfər müxtəlif bədən xəsarətləri alıb, o cümlədən əzilmiş əzalar, amputasiyalar, baş xəsarətləri və bir ölüm qeydə alınıb. Qeyd edilib ki, “SpaceX”in Texas və Kaliforniyadakı üç əsas sənaye obyektində xəsarət nisbətləri kosmik sənaye üçün orta göstəricini xeyli üstələyib.
Belə ki, həmin faktları təqdim edən konqresmen Mark Takano federal hökumətin şirkətlə tərəfdaşlığı fonunda zərər çəkənlərə görə məsuliyyəti gündəmə gətirib. O qeyd edib ki, NASA bu günədək “SpaceX”ə özəl kosmik podratçı kimi 11,8 milyard dollar ödəyib.
Həmçinin konqresmenlər NASA-nın rəhbərliyini İlon Maskın şirkətinə nəzarəti gücləndirməyə çağırıblar. Qeyd edək ki, “SpaceX” xəsarətlər və ya qanunvericilərin açıqlamaları ilə bağlı suallara cavab verməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.