AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kəlbəcərin işğaldan azad olunması tarixi hadisə idi

  • + A
  • - A
  • 23-11-2023, 15:35

    Kəlbəcərin işğaldan azad olunması  tarixi hadisə idi

    Nizami Səfərov,
    Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    İkinci Qarabağ müharibəsində düşmənin kapitulyasıyasının nəticəsi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından on beş gün sonra, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilərək, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu tarixi hadisə döyüş meydanında Azərbaycanın Zəfərinin təzahürü olaraq, eyni zamanda siyasi, diplomatik müstəvidə bizim Qələbəmizdən xəbər verirdi.
    1993-cü il 2 aprel tarixində Ermənistanın Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilərək, 511 dinc sakin qətlə yetirilmiş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur omuşdur. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil talan edilmiş və dağıdılmışdır. Kəlbəcərin işğalını pisləyən BMT-nin Təhlükəsizlik Şurası 1993-cü il 30 aprel tarixində 822 saylı qətnamə qəbul edərək, “işğalçı qüvvələrin Kəlbəcər rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını” tələb etşədə, onun icrasını təmin edə bilməmişdir.
    ATƏT-in 5 fevral 2005-ci ildə həyata keçirdiyi faktaraşdırıcı missiyası müəyyən etmişdir ki, Kəlbəcərdə erməniəsilli 1500 şəxs qanunsuz olaraq məskunlaşmışdır və burada beynəlxalq hüquqa zidd müəyyən işlər aparılmışdır. Ermənistanın Kəlbəcər rayonunda həyata keçirdikləri etnik təmizləmə və qanunsuz məskunlaşma əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi, işğaldan əvvəl mövcud olan status quo-nun bərpasının qarşısının alınmasına yönəldilmişdi və mahiyyətcə müharibə cinayətini təşkil edirdi.
    12 avqust 1949-cu il tarixli Dörd Cenevrə Konvensiyaları və onların 1977-ci il 8 iyunda qəbul edilmiş iki Əlavə Protokolunun iştirakçısı olan Ermənistan beynəlxalq humanitar hüququ ciddi şəkildə pozaraq soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləri törətmişdir.
    Azərbaycanın tarixi ədaləti və beynəlxalq hüququ, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edərək, Kəlbəcər rayonu da daxil, əvvələr işğal altında olan bütün torpaqlarımızı düşməndən azad etdi.
    Tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir və həmin Sərəncama uyğun olaraq 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.
    Qəhrəman əsgər və zabitlərimizə hörmət və ehtiram əlaməti olaraq 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR