Rusiyanın şimal paytaxtı Sankt-Peterburq şəhərində ümummilli lider Həydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. APA-nın Rusiya bürosu xəbər verir ki, Sanki-Peterburq və Leninqrad Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə keçirilən tədbir Peterburqun Qanunvericilik Məclisində baş tutub.
Tədbir çərçivəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qəlbimin bir hissəsi Rusiyadadır” adlı fotosərgi də açılıb. Sərgidə ulu öndərin müasir Azərbaycanın yaradılmasında və Rusiya-Azərbaycan əlaqələrinin inkişafındakı rolundan bəhs edən materiallar nümayiş olunub.
Tədbirdə Qanunvericilik Məclisinin sədri Aleksandr Belski, 2011-2018-ci illərdə Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko, Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərov, Rusiya Xarici İşlər Nazirliyinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Peterburqdakı Baş Konsulluğunun və diasporun nümayəndələri iştirak ediblər.
Aleksandr Belski çıxışında bildirib ki, bugünkü sərgi Heydər Əliyevin xatirəsinə ehtiramdır. "Azərbaycan Respublikasının yenidən qurulması ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır. O, müsbət dəyişikliklər üçün güclü vektor təyin etdi, xalqına mesaj verdi və bu, Azərbaycanın həyatını dəyişdi. Bu gün prezidentlər Vladimir Putin və İlham Əliyev, xalqlarımız arasında dostluq münasibətləri mövcuddur. Bu cür münasibətlər bütün çətinliklərin birgə həlli yollarını axtarılmasına kömək edir”.
Peterburq şəhər administrasiyasının Millətlərarası Münasibətlər və Miqrasiya Siyasətinin Həyata keçirilməsi Komitəsinin sədri Oleq Kapitanov Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun tədbir iştirakçılarına müraciətini oxuyub.
Milli Məclisin deputatı Nizami Səfərov çıxışında qeyd edib ki, liderin tarixdəki rolu, ölkəsinin mütərəqqi inkişafına, mənafelərinin qorunmasına verdiyi töhfə ən çətin, taleyüklü məqamlarda çiyinlərində ağır məsuliyyət yükünü daşımaq bacarığı ilə müəyyən edilir: "Bu baxımdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı, müasir Azərbaycan dövlətinin yaradıcısı kimi tarixə düşüb. Ağır sosial-iqtisadi vəziyyət, siyasi hərcmərclik, Ermənistanın təcavüzü nəticəsində ciddi ərazi itkiləri fonunda Azərbaycan xalqı bütün ümidlərini Heydər Əliyevlə bağlamışdı. Ulu öndər bu ümidləri parlaq şəkildə doğrultdu. Bu gün Heydər Əliyevin Azərbaycan dövlətçiliyi konsepsiyası ölkə başçısı İlham Əliyev tərəfindən möhtəşəm formada həyata keçirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam formada bərpası bunun əyani sübütudur".
Həmçinim deputat əlavə edib ki, Heydər Əliyev qlobal miqyaslı siyasətçi olaraq Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə ciddi önəm verib: "Müasir dövrdə bu münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatmasında onun müstəsna xidmətləri olmuşdur".
Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişov Qanunvericilik Məclisində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsini əlamətdar hadisə adlandırıb. "Bu tarixi binada Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq sərginin açılması bizim üçün qürurvericidir. Biz fəxr və qürur hissi ilə hər zaman qeyd edirik ki, bizim Heydər Əliyev kimi siyasətçimiz, liderimiz və prezidentimiz olub.
Hər kəs bilir ki, Heydər Əliyevin əsas məqsədi xalqın rifahı və gözəl yaşamını təmin etmək olub. Heç kəsə sirr deyil ki, Heydər Əliyev siyasi fəaliyyəti dövründə Azərbaycanın quruculuq və müstəqilliyi üçün mühüm işlər görüb. Bu gün də, prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Biz güclü, qürurlur və möhkəm xalqıq. Harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycanlı üçün Heydər Əliyevin yüz illiyi mühüm hadisədir. Sankt-Peterburqda da Heydər Əliyev hər zaman böyük ehtiramla yad edilir və xatırlanır. Mən fürsətdən istifadə edib Peterburq rəhbərliyinə, Qanunvericilil Məclisinin sədrinə bugünki tədbirə görə təşəkkürümü bildirirəm", deyə diaspor sədri qeyd edib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov bildirib ki Rusiyada, xüsusi ilə də şimal paytaxtında Heydər Əliyevin xatirəsinə olan hörmət və ehtiram çox yüksək səviyyədədir: "2023-cü il ərzində Peterburqda müxtəlif vaxtlarda ulu öndərin 100 illiyi ilə bağlı keçirilən tədbirlərin məkanı və səviyyəsi bunun əyani sübutudur".
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında Heydər Əliyevin misilsiz rolundan danışıblar. Qeyd olunub ki. Heydər Əliyev 1949-1950-ci illərdə Leninqradda SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin rəhbər heyətinin hazırlıq məktəbində oxuyub və özünün də etiraf etdiyi kimi, Neva çayı sahilindəkə şəhərə aşiq olub. 2005-ci ildə Heydər Əliyevin təhsil aldığı Qoroxovaya küçəsi, 6 ünvanındakı binada onun şərəfinə xatirə lövhəsi vurulub.
Tədbir Heydər Əliyevin xatirə gecəsi ilə davam edib. İştirakçılara ümummilli liderin Sovet İttifaqı illərində və ötən əsrin 90-cı illərində Azərbaycanın formalaşması dövründəki dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıllarının Heydər Əliyevlə bağlı xatirələr dinlənilib.