Ermənistan Baş nazirinin Aparatı və Azərbaycan Prezidentinin Administrasiyası arasındakı razılaşmaya əsasən əsirlərin mübadiləsi yaxın günlərdə gerçəkləşəcək.
Bunu İrəvanda keçirdiyi brifinqdə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
"Biz bu mübadilənin tezliklə baş verəcəyini ümidlə gözləyirik", - A.Simonyan vurğulayıb.
Onun sözlərinə görə, İrəvan və Bakının əldə etdiyi razılaşma dəyişməyib, proses davam edir.
Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.
Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.