Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Bakı, 18 dekabr — Azadmedia.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 9 dekabr tarixində “Euronews” kanalına müsahibəsində qeyd etmişdir ki, “biz sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipini hazırladiq”. Həmin prinsiplər ümumiyyətlə Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün hüquqi bünövrəni təşkil edə bilər və aşağıdakıları nəzərdə tutur:
1) dövlətlərin biri-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
2) dövlətlərin biri-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
3) dövlətlərarası münasibətlərdə biri-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
4) dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
5) nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Baxmayaraq ki, uzum müddət ərzində Ermənistan sülh sazişinə erməni azlığının məsələsini daxil etmək istəyirdi, bu burmənalı olaraq yalnız Azərbaycanın daxili işi idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığının məsələsini daxil etmək istərdik.
Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq.
Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur”. Beynəlxalq hüquqda qəbul edilən fundamental yanaşma qarşılılığı nəzərdə tutur və beynəlxalq müqavilələrin bünövrəsini təşkil edir.
Eyni zamanda xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, burada bir çox etnik qrupların nümayəndələri əminamanlıq şəraitində yaşayır və Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulan hüquqlardan və azadlıqlardan sərbəst şəkildə istifadə edir və təminatlardan faydalanırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.