Bakı, 28 dekabr — Azadmedia.az
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda Milli Məclisin deputatı Jalə Əhmədova ilə görüş keçirilib.
Gimnaziyanın direktoru İlqar Talıbov Milli Məclisin deputatı Jalə Əhmədovanı görüş iştirakçılarına təqdim etdikdən sonra bildirdi ki, bugünkü görüşdə gimnaziyanın “Tarix Klubu” nun üzvləri, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində yaradılan "Uşaq Səfirlər Məclisi"nin üzvləri, “Heydər Əliyev və Azərbaycan tarixi” müsabiqəsinin qalibləri, Gimnaziyanın məzunu, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, gimnaziyanın rəhbərliyi və metodbirləşmə üzvləri iştirak edir. İ.Talıbov gimnaziya haqqında məlumat verərkən ilk növbədə “Tarix Klubu” nun fəaliyyəti barədə bildirdi ki, Klub artıq 4 ildir fəaliyyət göstərir, bir neçə layihə həyata keçirib ki, bunun da ən önəmlisi Vətən sevgisinin təntənəsinə çevrilən 44 günlük savaşının Şəhidlərinin ictimaiyyətə tanıdılması üçün “2917 dən biri” (layihə başlayanda məhz şəhidlərimizin sayı bu qədər idi) adlı layihəsini yekunlaşdırmalarıdır. Gimnaziyada fəaliyyət göstərən Kiçik Akademiyanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III Şagird Respublika Elmi-praktik Konfransının ilin ən yaddaqalan hadisəsi olduğu qeyd olundu. Eyni zamanda qeyd olundu ki, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi referat müsabiqəsinin qalibi olaraq Həsən Hüseynov və Sinan Əlizadənin elmi məqalələri “Heydər Əliyev və Azərbaycan tarixi” kitabına daxil edilmişdir. Gimnaziyada həyata keçirilən çoxsaylı layihələr, şagird nailiyyətləri barədə qısa məlumat verildi.
Milli Məclisin deputatı Jalə Əhmədova çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən danışdı. Millət vəkili J.Əhmədova söylədi ki, Ulu Öndər gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəldib. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq yeni bir mərhələyə qədəm qoyub. Millət vəkili dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gənclər, idman və gənclərin hüquqları sahəsində həyata keçirilən islahatlar və dövlət layihələri barədə şagirdlərə ətraflı məlumat verdi. Bildirildi ki, bu gün yüksək intellektə, biliyə, əqidəyə, milli dəyərlərə malik olan gənclərin yetişməsində dövlətimizin apardığı gənclər siyasəti mühüm əhəmiyyət daşıyır. Bu siyasəti dəstəkləmək isə vətəndaş olaraq hər birimizin borcudur. Şagirdlərlə yüksək əhvali – ruhiyyədə keçən görüş zamanı Jalə Əhmədova ümummilli lider haqqında şagirdlərin düşüncələrini dinlədi.
Şagirlərdən Əlizadə Sinan qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının dünyaya bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. O müasir Azərbaycanın qurucusu, memarıdır.
Eminli Ağayar isə bildirdi ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günüdür. Bu münasibətlə hər birinizi təbrik edirəm. Dünya azərbaycanlıların Həmrəylik günü deyildikdə ilk öncə 21 Azər hərəkatı və Ulu Öndər Heydər Əliyev xatırlanır. Seyid Cəfər Pişəvərinin rəhbəri olduğu 21 Azər hərəkatı Arazın o tayında bu tayında olan azərbaycanlıları birləşdirmək istəyirdi. Buna görədə 21 Azər hərəkatının bu işdə böyük rolu olmuşdur. Dünya azərbaycanlıların həmrəylik günü məhz Ulu Öndər Heydər Əliyevin fərmanına əsasən elan olundu və Ümumilli lider bununla azərbaycanlıların bir-birini necə dəstəklədiyini, necə həmrəy xalq olduğunu dünyaya sübut etdi. Həmçinin, Ulu öndər dünya azərbaycanlıların qurultayını təşkil edərək dünya azərbaycanlılarını bir araya topladı. Və bununla, Heydər Əliyev dünyaya bir daha sübut etdi ki, bizə nə qədər əzab versələr də, qırğınlara, faciələrə məruz qoysalar da biz həmişə həmrəyik, birik.... Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarını bir araya gətirən ilk azərbaycanlıdır. Onun əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Cəfərli Cavad vurğuladı ki, Heydər Əliyev Azərbaycan xalqının ağır bəlalardan xilas edən dövlət xadimidir. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilməsinin əsasını da məhz ümummilli liderin məqsədyönlü siyasəti qoymuşdur.
Həmidli Sadiq qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin uşaqların ən yaxın dostu olmuş, daim onlara sevgi ilə yanaşmışdır. Biz uşaqlar onun nəsihət və tövsiyələrinə əməl etməli, onu özümüzə daim nümunə götürməliyik.
Muxtarlı Vadim filkrincə, Heydər Əliyev Azərbaycan iqtisadiyyatının inkişafı yolunda böyük xidmətlər göstərmişdir. Yeji istehsal sahələrinin, müəssisələrin, metro stansiyaların yaşayış massivlərinin inşası xalqımızın rifahının yüksəlişinə səbəb olmuşdur.
Gimnaziyanın tarix müəllimi Həsən Osmanov bildirdi, Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması, silah, sursat və hərbi texnika ilə inkişafında böyük rol oynamışdır. Silahlı Qüvvələrin komplektləşdirməsində, onun döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində Ulu öndərin sərəncam və tapşırıqlarının xüsusi yer tutur.
Gimnaziyanın məzunu, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı millət vəkili Jalə Əhmədovanın gimzaniyaya şagirdlərlə görüşünün əhəmiyyətli olduğunu bildirirək vurğuladı ki, bu kimi tədbir, görüşlərin təşkili, fikir mübadilələrin aparılması şagirdlərin milli ruhunun yüksəldilməsində, intellektual səviyyələrinin artırılmasında, sərbəst düşüncələrinin inkişafında, xüsusilə də şagirdlərin vətənpərvər və özünəinam ruhda böyüməsində müstəsna rolu vardır.
Sonda millət vəkili Jalə Əhmədova şagirdləri maraqlandıran suallara aydınlıq gətirdi, Vətənimizə layiqli övlad olmaları diləyi ilə onların hər birinə parlaq gələcək arzuladı. Milli Məclsinin deputatı şagirdlərlə görüşün yüksək səviyyədə təşkil edildiyini xüsusi qeyd edərək, gimnaziyanın rəhbərliyinə dərin minnətdarlığını bildirdi.