Qarşıdakı 3 gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, 5 və 6 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Lakin 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi altısında arabir güclənən şimal-qərb küləyi əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/s-yə çıxacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8-13 dərəcə isti olacaq".
G.Məmmədova qeyd edib ki, bölgələrdə də yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır:
"Lakin gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir".
Xidmət rəsmisi bildirib ki, Ayrı-ayrı yerlərdə, Naxçıvan Muxtar Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgəsində və Quba Qusar zonasında yağıntıların intensiv olacağı ehtimal olunur:
"6 yanvarda gündüz saatlarından yağıntıların kəsilə, 7 yanvar tarixində isə əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu Aran rayonlarında günorta saatlarında 10 -15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.