İnsanlar özlərinə asan gələn, ictimaiyyət tərəfindən qəbul edilmiş populyar hadisələrə reaksiya verirlər, bir sözlə, çoxluğa tabe olurlar. Əksər insan münasibət bildirdiyi şey haqqında kifayət qədər məlumatlı olmur. Eləcə kükrəyir, sonra unudur və qaldığı yerdən həyatına davam edir.
Bunu Qüds hadisələrində açıq-aydın görmək mümkündür.
Qüdsə verilən reaksiya Şərqi Türküstana verilmir. Habelə insanlar zülm və haqsızlıqları dilə gətirdikləri halda İslam Birliyindən heç bəhs etmir, buna görə də həm səmimi davranmır, həm də məsələyə nə qədər yad olduqlarını göstərirlər.
Əvvəla, dünyadakı zülm Fələstindən ibarət deyil.
Suriyada, Kəşmirdə, Şərqi Türküstanda, Əfqanıstanda, Banqladeşdə, Patanidə, Mindanauda (red: Müsəlman Moro xalqının yaşadığı Filippin adası) və daha bir çox ölkələrdəki müsəlmanlar qan ağlayır. müsəlmanlara tətbiq edilən işgəncə, zülm və qırğınlar dəhşətli dərəcədədir.
Bütün İslam ölkələrində on minlərlə evsiz-eşiksiz, yetim, qulluğa möhtac qadın və kişi, sığınacaq axtaran insanlar var. Qardaşlarımızın namaz qılması, oruc tutması qadağan edilib, məscidləri və bütün ibadət yerləri dağıdılıb. Bir araya gəlmələrinə mane olunur, bacılarımıza təcavüz edilir, evlərindən səbəbsiz yerə çıxarılıb həbs olunanlardan bir daha xəbər belə alına bilmir. Müsəlmanlar diri-diri yandırılır, kütləvi məzarların yanına gətirilib güllələnirlər. Ac və susuz saxlanılıb, ən ağır işgəncələrə məruz qalırlar.
Məzlum qadınlar, uşaqlar və yaşlılar möhtac vəziyyətdə zülmdən xilas olmağı gözləyirlər.
Dünya səviyyəsindəki təşkilatların sanki görməməzlikdən gəldiyi, hətta heçə saydığı bu məzlum və çarəsiz müsəlmanların tək ümidi, əslində, İslam birliyidir.
Bu gün müsəlmanlar bir-birləri ilə vəli olmadıqları üçün yer üzündəki ən böyük fitnə və fəsad mühiti yaşanır. Çəkişib ayrıldıqları üçün zəif düşürlər.
Allah «Ali İmran» surəsinin 103-cü ayəsində, "hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” deyə bildirərək bizə bu fərzi bildirmişdir. Müsəlman dünyasının ən ümdə ehtiyacı bu fərzi yerinə yetirmək və birlik olmaqdır. Xüsusilə belə bir zülm şəraitində dağılmaq, ayrılmaq haramdır.
Uca Allah müsəlmanların bu fərzə əməl etmədiyi təqdirdə başlarına gələcəkləri isə Quranda belə bildirmişdir:
"...Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər". (Ənfal surəsi, 73)
Bu fərz əmrin yerinə yetirilməməsi İslam aləmində ayrılığa səbəb olur, bu da öz növbəsində müsəlman xalqları müdafiəsiz vəziyyətdə qoyur.
Müsəlmanlar bir araya toplanaraq bütün güc və imkanlarını dünya səviyyəsindəki dəccaliyyət fitnəsinə qarşı səfərbər etməlidirlər.
Şübhəsiz ki, İslam dünyası ancaq Allahın fərz əmrini yerinə yetirərək vahid bədən kimi birləşərsə, güclü və sarsılmaz olar.
Nəzakət