Bakı, 20 Yanvar — Azadmedia.az
Səmyar Abdullayev: “Azərbaycan xalqı yalın əllə tanklara meydan oxumaqla sübut etdi ki, azad yaşamağa layiqdir”
Bu gün 20 Yanvar faciəsinin 34-cü ildönümüdür.
Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə bu tarixi olayın əhəmiyyəti şərh etməyə çalışdıq:
-Səmyar bəy, sizcə 20 Yanvar hadisəsi faciə, yoxsa qəhrəmanlıq salnaməsi kimi xarakterizə olunmalıdır?
-20 Yanvar olaylarının ən mühüm xüsusiyyəti onun özündə hər iki amili birləşdirməsidir. 1990-cı ilin 20 yanvar tarixində sovet ordusu insan hüuq və azadlıqlarının kobud şəkildə pozaraq mülki insanlara qarşı əsl qətliyam həyata keçirdi. Uşaq, qadın, ahıl demədən bütün kateqoriyadan olan insanlara qarşı misilsiz vəhilik aktı gerçəkləşdirildi. Bu olay sübut etdi ki, SSRİ imperiyası, bu imperiyanı ayaqda tutan sovet rejimi ölümə məhkumdur və bu sistem sovet xalqlarının özü üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Bununla yanaşı, 20 Yanvar olayları zamanı biz əsl qəhrəmanlıq nümunəsinə şahid olduq. Əliyalın insanlar sovet tanklarına meydan oxumaqla sübut etdi ki, onlar ölümdən qorxmurlar və öz azadlıqlarına nail olmaq üçün istənilən fədakarlığa hazırdırlar.
Məhz bu amil – Azərbaycan xalqının qorxmazlığı, qətiyyəti və cəsarəti hər şeyi həll etdi. Sovet ordusu xalqımızın cəsarəti qarşısında geri çəkilməli oldu. Xalq 20 Yanvar olayları zamanı həyatını itirən hər bir şəhidini əsl qəhrəman kimi dəfn etdi. Bakıda və respublikamızın bütün bölgələrində xalqımıza qarşı törədilən cinayətlərə etiraz əlaməti olaraq aksiyalar təşkil olundu. Xalqımız yekdilliklə müstəqillik əzmində olduğunu, öz məqsədinə çatamq üçün bundan sonra da qətiyyətlə mübarizə aparacağını sovet rəhbərliyinin diqqətinə çatdırdı.
-Kremlin Azərbaycana xalqına qarşı bu cür ağır cinayət törətməsinə səbəb nə idi?
-Buna səbəb Azərbaycan xalqının azadlıq arzusu, bu arzunu reallaşdırmaq üçün atdığı əməli addımlar idi. Mixail Qorbaçov rejimi yaxşı başa düşürdü ki, SSRİ-nin süqutu ərəfəsində bu cür azadlıq meyillərinin, müstəqillik cəhdlərinin meydana çıxması bu mənfur sistemin taleyi üçün təhlükəlidir. Buna görə də onlar Azərbaycan xalqının azadlıq arzusunu elə beşiyindəcə susdurmağa bu istəyi qan gölündə boğmağa cəhd etdilər.
20 Yanvar olaylarında əsas hədəflərdən biri də digər sovet respublikalarında da xof və qorxu mühiti yaratmaq, azdlıq ideyalarının bu ölkələrdə yayılmasının qarşısını almaq idi. Məhz buna görə də sovet əsgərləri 20 yanvar tarixində xalqımıza qarşı xüsusi amansızlıq sərgiləyir, bununla, digər sovet xalqlarını da qorxu hesabına ram etməyə çalışırdı. Lakin Azərbaycan xalqının cəsarəti və iradəsi bütün bunları boşa çıxardı. Xalqımızın cəsarəti, ölümə açıq şəkildə meydan oxuması digər sovet xalqları üçün də örnək oldu. Çox keçmədi ki, bütün sovet respublikaları Kremlin əsarətindən qurtularaq öz müstəqilliklərini elan etdilər.
-Bildiyiniz kimi, 20 Yanvar olaylarının ilk ifşası Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sizcə Heydər Əliyevin məlum hadisədən dərhal sonra Kremlin cinayətini ifşa etməsi nə dərəcədə önəmli idi və nələri dəyişdi?
-Qeyd etdiyiniz kimi, Moskvanın Azərbaycan xalqına qarşı bu cinayətinə qarşı ilk olaraq səsini ucaldan, bu cinayətin nəinki qanunlara, həm də mənəvi dəyərlərə zidd olduğunu, anti-insnai mahiyyət daşıdığını ortaya qoyan məhz Ulu öndər Heydər Əliyev oldu.
Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə 20 Yanvar faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etdi. Heydər Əliyev sözügedən çıxışında vurğuladı ki, Bakıda baş verən bu qırğın SSRİ-nin elan etdiyi hüquqi dövlət quruculuğu prinsipinə, insan haqlarına, humanizmə ziddir və bunu törədənlər hökmən cəzalanmalıdır.
Heydər Əliyevin 20 Yanvar olaylarının əsl mahiyyətini ifşa etməsi yalnız SSRi-də deyil, bütün dünyada ciddi rezonansa səbəb oldu. Bu çıxış bütün dünyanın diqqətini Bakıya, paytaxtımızda baş verən bu faciəyə yönəltdi. Ulu öndər bununla Kremlin olayları ört-basdır etmək cəhdlərinin qarşısını aldı, Moskvanın cinayətkar əməllərini bütün dünyada ifşa etdi.
İfşa faktoru SSRİ hakimiyyətini növbəti zorakılıqlardan çəkindirdi, sistem daxilindəki çöküşü sürətləndirdi. Kreml bütün aydınlığı ilə dərk etdi ki, Azərbaycan xalqının azadlıq arzusunu zor gücünə boğmaq mümkün deyil. Bu səbəbdən də məlum hadisədən qısa müddət sonra geri addım atmaq, Azərbaycan xalqının iradəsinə hörmət etməyə məcbur oldu.
Bu gün 20 Yanvar faciəsindən 34 illik bir zaman ötsə də, xalqımız öz qəhrəman şəhidlərini daim hörmətlə yad edir, onların tarixi missiyasını, fədakarlığını yüksək qiymətləndirir. Əminəm ki, illər, əsrlər keçsə də, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı, vətənə, azadlığa olan sevgiləri gənclərimizin dünyagörüşünün, mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayacaq, onların dövlətimizin mənafeyi uğrundakı mübarizəsinə təkan verəcək.
-Səmyar bəy, 20 Yanvardan Vətən müharibəsinə - 8 noyabr zəfərinə gedən yolu necə dəyərləndirərdiniz? Sizcə tariximizin bu iki mühüm hadisəsi arasında hansısa əlaqə varmı?
-Hesab edirəm ki, Vətən müharibəsi və 8 noyabr zəfəri xalqımızın 20 Yanvar olaylarındakı qəhrəmanlığının məntiqi davamı, məntiqi nəticəsidir. 1990-cı ilin 20 yanvar tarixində ayağa qalxaraq “azadlıq”, “müstəqilik” hayqıran xalqımız, 2020-ci ildə işğaldakı torpaqlarını azad etməklə bütün dünyaya göstərdi ki, onun qəhrəmanlığı təsadüfi deyil. Bu qəhrəmanlıq, bu cəsarət onun ruhunda, qanındadır.
2020-ci ilin Vətən müharibəsi nəticəsində işğaldakı torpaqlarının azadlığını, 2023-cü ildəki lokal antiterror tədbirləri ilə isə suverenliyini tam təmin edən xalqımız, bununla 20 Yanvar şəhidlərinin də ruhunu sevindirdi.
Bu gün bütün şəhidlərimiz kimi 20 Yanvar şəhidlərimizin də ruhu rahatdır. Çünki bugünkü Azərbaycan öz azadlığı, ərazi bütövlüyü, suverenliyi, hərbi-iqtisadi qüdrəti ilə onların arzusunda olduğu güclü, müstəqil, yenilməz Azərbaycandır. Bugünün Azərbaycanı nəinki öz müstəqilliyini qoruyub saxlaya, dövlətçiliyini gücləndirə bilir, eyni zamanda, regional güc kimi bölgədə və dünyada gedən bir çox proseslərə fəal təsir edir. Bugünün Azərbaycanı dünyanın ən güclü dövlətlərinə belə onunla təhdid dilində danışmağa imkan vermir. Ən böyük gücləri belə onun iradəsi ilə hesablaşmağa məcbur etməyi bacarır. Və nəhayət, bugünün Azərbaycanı hər bir şəhidinin əziz xatirəsini uca tutmaqla sübut edir ki, indiki uğurlarına görə kimə minnətdar olduğunu bilir və heç vaxt onu bu zirvəyə gətirib çatdıran qəhrəmanlarını untumayacaq, onları daim sevgi və minnətdarlıq hissi ilə yad edəcək.
Seymur ƏLİYEV