Paşinyanın “yeni konstitusiyanın qəbul edilməsi” fikri Ermənistanda əsas müzakirə mövzusuna çevrilib: hakimiyyət bunu konstitusiyanın mövcud reallığı əks etdirmədiyi ilə əsaslandırır, müxalifət iqtidarı Bakı və Ankaranın “sifarişini” yerinə yetirməkdə ittiham edir.
Ermənistan hakimiyyəti haqlıdır, çünki mövcud konstitusiya “müstəqillik bəyannaməsi”nin yerinə yetirilməsini tələb edir. Ki, 12 bəndlik bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülür:
- bəyannamədə artıq mövcud olmayan qondarma “dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarına istinad olunur;
- bəyannamənin 11-ci bəndində qeyd olunur: “Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda (qondarma) erməni soyqırımınının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”.
Azərbaycan Qarabağ üzərində suverenliyini təmin edib. Bu reallıq fonunda Ermənistanın mövcud konstitusiyasının saxlanılması Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi deməkdir və Bakı ilə münasibətlərin qurulması prinsipinə ziddiyyət təşkil edir. Rəsmi İrəvan sülh sazişi imzalamaq (bu sazişi nə qədər öz maraqları çərçivəsində qəbul etdirməyə çalışsa da), regional kommunikasiyaların açılmasına nail olmaq və Ermənistanı “dalandan” çıxarmaq niyyətindədir. Bunun üçün Bakı və Ankara ilə normallaşma vacib şərtdir. Və qondarma “artsax” ideyasının, eləcə də qondarma “soyqırım” iddialarının rəsmi səviyyədə saxlanılması fonunda Azərbaycan və Türkiyə ilə normallaşma mümkün deyil. Paşinyanın yeni konstitusiya istəyi bu reallığa uyğunlaşmaq məqsədi daşıyır. Yeni konstitusiya qəbul ediləcəyi təqdirdə Ermənistanın gerbinin də dəyişdirilməsi aktuallaşacaq. Çünki gerbdə əksini tapan simvollar Türkiyəyə qarşı ərazi iddialarını əks etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.