Türkiyədə havanın isti və quraq keçməsi, eləcə də güclü külək genişmiqyaslı meşə yanğınının yaranmasına səbəb olub. Yanğın Muğla vilayətindən başlayaraq kurort bölgəsi olan Antalya vilayətinə də keçib.
Yanğın çərşənbə günü Muğlanın Seydikemer rayonunda fermer təsərrüfatlarından birində başlayıb. Alov qısa müddətdə yaxınlıqdakı meşəlik əraziyə keçərək isti və quraq hava şəraitində sürətlə yayılıb.
Hazırda Muğladakı yanğının söndürülməsinə 16 hava vasitəsi, 40 yanğınsöndürən avtomobil və 250-dən çox əməkdaş cəlb olunub.
Güclü küləyin təsiri ilə yanğın şənbə günü Antalyaya da çatıb. Hazırda Kaş və Demre rayonlarında alovla mübarizə aparılır. Bu ərazilərdə 19 hava vasitəsi, 72 texnika və 450 yanğınsöndürən fəaliyyət göstərir.
Bildirilir ki, hazırda yanğın Antalyanın turistlərin sıx olduğu ərazilərdən kənarda yayılır.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı vətəndaşlara yayın son günlərində meşə yanğınları ilə bağlı yeni risklər yaratmamaq barədə çağırış edib. Nazir güclü küləyin alovun istiqamətini dəyişdirərək yanğının saniyədə 22 metrədək sürətlə yayılmasına səbəb ola biləcəyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.