Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsi Rusiya Baş Prokurorluğunun “Peterburq Neft Terminalı” ASC-nin (PNT) Direktorlar Şurasının sədri Yelena Vasilyevanın aktivlərinə təminat tədbirlərinin tətbiqi ilə bağlı vəsatətini təmin edib.
Məhkəmənin qərarı ilə müəssisənin 45 faizlik səhmlərinə, həmçinin dividend kimi hesablanmış 4,4 milyard rubl vəsaitə həbs qoyulub. Bu barədə TASS məlumat yayıb.
İddia üzrə cavabdehlər sırasında Yelena Vasilyevanın həyat yoldaşı Sergey Vasilyev və onunla əlaqəli Kipr şirkəti Mobalko Holding Ltd də yer alır. Baş Prokurorluq bir sıra sövdələşmələrin etibarsız hesab edilməsini və onların hüquqi nəticələrinin tətbiqini tələb edir.
Prokurorluğun diqqətində üç əməliyyat var. Bunlar 2022-ci ilin mayında aktivlərin əvəzsiz verilməsi barədə müqavilə, həmin ilin dekabrında qiymətli kağızların bağışlanması ilə bağlı sövdələşmə və 2026-cı ilin iyununda PNT səhmdarlarının qəbul etdiyi qərardır.
İş materiallarına əsasən, 2022-ci ildə PNT-nin yarısına nəzarət edən Mobalko Holding Ltd şirkəti öz payını Sergey Vasilyevə verib. Sergey Vasilyev isə daha sonra həmin payı həyat yoldaşının adına keçirib.
Bundan başqa, Baş Prokurorluq dividend ödənişlərinin qanuniliyinə də etiraz edir. Səhmdarların qərarına əsasən, 2025-ci ilin yekunlarına görə şirkətin 4,41 milyard rubl məbləğində bütün xalis mənfəəti Yelena Vasilyevaya ödənilməli olub. Halbuki həmin vaxt onun şirkətin nizamnamə kapitalındakı payı 45 faiz təşkil edib.
Qeyd edək ki, daha əvvəl Sankt-Peterburq məhkəməsi Almaniya vətəndaşının “Qazprom” səhmləri üzrə dividend ödənişi tələbindən imtina etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.