Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanması otuz ilə yaxın bir müddətdə davam edən silahlı qarşıdurmaya faktiki olaraq son qoyur.
İkinci Qarabağ müharibəsinin böyük Zəfərlə nəticələnməsinə və Azərbaycanın qalib tərəf olmasına rəğmən, ölkəmiz beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürmüşdür. Tarixi hadisələr əyani formada nümayiş etdirdi ki, fövqaladə əhəmiyyətli sənədin hüquqi tərtibatında dövlətimizin mövqeyi əsas götürülmüşdür. Universal beynəlxalq qurum olan Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində təsbit edilən ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, siyası müstəqilliyin tanınması və ona hörmət olunması, ikitərəfli münasibətlərdə güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinmə kimi fundamental müddəalar Sülh sazişində əksini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı çıxışında qeyd etmişdir ki, bizim ardıcıl və qətiyyətli səylərimizin nəticəsində “tarixi diyarımız olan Naxçıvanla quru bağlantı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daima gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik”. Eyni zamanda, Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçməsini nəzərə alaraq, qeyd etmək lazımdır ki, bu məqam ölkəmizin önəmini əhəmiyyətli dərəcədə artırır.
Azərbaycanın əsas strateji hədəflərindən olan dəhlizin yaxud “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlanan tranzit sahəsinin açılmasının Cənubi Qafqaz və Mərkəsi Asiya ölkələri üçün müstəsna əhəmiyyəti var. Həmçinin nəzərə alınmalıdır ki, ölkəmiz Naxçıvan Muxtar Respublikasına və Türkiyəyə birbaşa çıxış əldə edərək, bir çox xərcləri əhəmiyyətli dərəcədə azaldacaq. Türkiyə üçün də burada böyük avantajlar var, çünki qardaş ölkə Avropa ilə Asiya arasında mühüm tranzit xab statusuna malik olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.