Millət vəkili Məşhur Məmmədov: “Şəhid ailələrinin razılığı bizim üçün ən böyük qiymətdir”

Millət vəkili Məşhur Məmmədov Masallının Qızılavar kəndində şəhid ailələri ilə görüşüb
Anım günləri çərçivəsində Masallı rayonunda şəhidlərin xatirəsinə ehtiram göstərilməsi, məzarların ziyarəti davam edir. Millət vəkili Məşhur Məmmədov bu dəfə Masallının Qızılavar kəndində I və II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Vətən övladlarının məzarlarını ziyarət edib, onların ailələri ilə bir araya gəlib.
Ziyarət zamanı millət vəkili Məşhur Məmmədov şəhidlərin ruhu qarşısında baş əyərək, onların keçdiyi qəhrəmanlıq yolunun Azərbaycan xalqı üçün əbədi qürur mənbəyi olduğunu bildirib. Daha sonra şəhid ailələri ilə səmimi söhbət aparılıb, onların qayğıları, gündəlik həyatda üzləşdikləri məsələlər dinlənilib.
Millət vəkili qeyd edib ki, şəhid ailələrinin rifahı, sosial müdafiəsi və mənəvi dəstəklə təmin olunması dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biridir:
“Bu ailələrin hər bir üzvünün gözlərində həm qürur, həm də sonsuz Vətən sevgisini görmək olur. Onların məmnunluğu, dövlətin diqqət və qayğısından razılığı bizim üçün ən böyük qiymətdir.”
Görüşdə Məşhur Məmmədovun köməkçiləri ilə yanaşı, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edib. O da çıxışında şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını, partiya və yerli icra qurumlarının bu istiqamətdə koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.
Sonda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Millət vəkili Məşhur Məmmədov şəhid ailələrinə möhkəm can sağlığı, səbir və dözüm arzulayıb, bildirib ki, onların övladları Azərbaycanın müstəqilliyi, torpaq bütövlüyü və milli qüruru uğrunda canlarını fəda ediblər – bu qəhrəmanlıq heç zaman unudulmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!








[/center]

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.