AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə eyni ittifaqda birləşməsi milli maraqlara tam uyğundur". ŞƏRH

  • + A
  • - A
  • Dünən, 12:28

    "Azərbaycanın  Mərkəzi Asiya ölkələri ilə eyni ittifaqda birləşməsi milli maraqlara tam uyğundur". ŞƏRH

    Mərkəzi Asiya ölkələri 2017-ci ildə vahid məkan və maraqlar ətrafında bir araya gəldilər. Ötən 8 il ərzində Mərkəzi Asiya dövlətləri böyük bir tarix yazmağı bacardılar. Hər şeydən əvvəl, Sovet İttifaqının dağılması ilə yaranmış sərhəd və resurs problemlərini üçüncü tərəfin iştirakı olmadan, özləri masa arxasında həll etməyə nail oldular. Xucand Bəyannaməsinin imzalanması ilə illər əvvəl xəyal edilən sülh reallığa çevrildi. Beləliklə, 8 ildən sonra Mərkəzi Asiya ölkələri Daşkənddə keçirilən sammitlə yeni mərhələyə qədəm qoydu.

    Bu fikirləri politoloq Aqil Məmmədov səsləndirib.

    Onun sözlərinə görə, 8 il əvvəl Mərkəzi Asiya ölkələrinin məşvərət platforması kimi yaradılan bu format artıq Mərkəzi Asiya Birliyinə doğru addım atmış olur. Statistik göstəricilər də bu birliyin böyük iqtisadi potensiala malik olduğunu təsdiqləyir.

    “Son 8 ildə Mərkəzi Asiya ölkələrinin ümumi daxili məhsulu (ÜDM) 520 milyard dollara çatıb. Ölkələr arasında qarşılıqlı ticarətin həcmi 11 milyard dollar səviyyəsinə yüksəlib. Dünyadakı uran ehtiyatlarının 20 faizi, neft ehtiyatlarının 17,2 faizi, qaz ehtiyatlarının isə 7 faizi bu regionun payına düşür. Regionun potensialı isə bundan daha genişdir. Belə ki, Mərkəzi Asiya regionu 3 milyon 882 min kvadrat kilometr ərazini və 80 milyon əhalini əhatə edir. BMT-nin hesablamalarına görə, Mərkəzi Asiya dünyanın ən gənc regionlarından biridir: burada əhalinin orta yaşı 28,7-dir. Proqnozlara əsasən, regionda orta yaş 2040-cı ilə doğru daha da azalaraq 28,3-ə düşəcək. Müqayisə üçün, Şimali Amerikada bu göstərici 41,5 yaş, Avropada 46,8 yaş, Çində isə 48 yaş olacaq. Bütün bunlar Mərkəzi Asiyanı insan resursları baxımından digər regionlarla müqayisədə daha üstün edir. Bu resurs düzgün yönləndirilsə, regionun davamlı iqtisadi inkişafının əsasını təşkil edə bilər”, - deyə politoloq vurğulayıb.

    A.Məmmədov, həmçinin Mərkəzi Asiya ölkələrinin artıq Avropa ilə Asiya arasında, sadəcə, tranzit məntəqə yox, regional aktor kimi çıxış etmək niyyətində olduqlarını qeyd edərək bildirib: “Mərkəzi Asiyada yeni iqtisadi birliyin formalaşması Azərbaycan üçün də ciddi üstünlüklər yaradır. Ölkəmiz coğrafi baxımdan Avropada yerləşsə də, Asiyaya açılan əsas qapıdır. Bu gün Avropa–Asiya əməkdaşlığı yalnız Azərbaycan vasitəsilə səmərəli şəkildə həyata keçirilə bilər. Buna görə də Azərbaycanın tarixi və mədəni bağlara sahib olduğu Mərkəzi Asiya ölkələri ilə eyni ittifaqda birləşməsi həm bizim, həm də regionun beş ölkəsinin milli maraqlarına tam uyğundur. Digər tərəfdən, Mərkəzi Asiyada, xüsusilə Qazaxıstanda və Özbəkistanda iqtisadi inkişaf tempi sürətlidir. Təkcə Özbəkistanın illik iqtisadi artımı 6 faizdir. Bu isə o deməkdir ki, Azərbaycan bu bazarda mövqelərini gücləndirməklə öz milli istehsalının ixracı üçün dayanıqlı və geniş bazar təmin etmiş olur”.

    Politoloq diqqətə çatdırıb ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanması və regional kommunikasiya yollarının açılması yaxın gələcəkdə Cənubi Qafqaz–Mərkəzi Asiya iqtisadi platformasının formalaşmasına şərait yaradacaq.

    “Xüsusilə Zəngəzur dəhlizinin (TRIPP) açılması Mərkəzi Asiyanın Avropa ilə yanaşı, Yaxın Şərqə də daha sürətli çıxışını təmin edəcək. Hətta gözləmək olar ki, Mərkəzi Asiya birliyi Avropa İttifaqının modelindən bəhrələnərək şərti sərhəd prinsipini tətbiq edib qarşılıqlı ticarəti və insan axınını maksimum dərəcədə sədələşdirsin. Bunun nəticəsində turizm və xidmət sektorlarında ciddi canlanma baş verə bilər. Bu səbəbdən tam əminliklə demək olar ki, Azərbaycanın Mərkəzi Asiya birliyinə qoşulması ölkəmizin orta və uzunmüddətli milli maraqlarına tam şəkildə cavab verir”, - deyə o əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR