AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyasi şərhçi: "Rusiya–Ukrayna müharibəsinin dördüncü ili: Cenevrədə növbəti danışıqlar gözlənilir"

  • + A
  • - A
  • Bu gün, 20:57

    Siyasi şərhçi: "Rusiya–Ukrayna müharibəsinin dördüncü ili: Cenevrədə növbəti danışıqlar gözlənilir"


    Rusiyanın Ukraynaya qarşı hərbi işğalının dörd ili tamam olur. Müharibənin davam etdiyi bir vaxtda ABŞ-ın vasitəçiliyi ilə İsveçrənin Cenevrə şəhərində növbəti Rusiya–Ukrayna danışıqlarının keçirilməsi planlaşdırılır. Görüşlər Ukraynanın cəbhə xəttində müəyyən irəliləyişlər əldə etdiyi bir mərhələyə təsadüf edir.

    Məlumata görə, Vaşinqton tərəflər arasında iyun ayına qədər müharibəyə son qoyacaq sənədin imzalanmasını nəzərdə tutan variant üzərində çalışır. ABŞ administrasiyası hesab edir ki, Rusiya danışıqlar prosesində vaxt udmağa və prosesi manipulyasiya etməyə çalışır. Bu səbəbdən rəsmi Vaşinqton Ukraynanın mövqeyini gücləndirmək məqsədilə ona ATACMS raketləri və digər hücum xarakterli silah sistemləri göndərib. Ukrayna ordusunun bu raketlərlə xüsusilə Donetsk istiqamətində uğurlu zərbələr endirdiyi bildirilir.

    Müharibənin dörd ili ərzində Rusiyanın qarşıya qoyduğu əsas siyasi və hərbi məqsədlərə nail ola bilmədiyi vurğulanır. Ekspertlər hesab edirlər ki, bundan sonra Ukraynada geniş ərazilərin işğalı real görünmür. Əksinə, Ukraynanın davamlı müqaviməti və Qərbin hərbi dəstəyi Moskvanın mövqelərini zəiflədib.

    Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-da daxili siyasi amillər, o cümlədən seçkiqabağı proseslər də Vaşinqtonun Ukraynaya dəstəyinə təsir göstərir. Onun sözlərinə görə, xüsusilə Donald Trump-ın mövqeyi və Konqresə aralıq seçkilər ərəfəsində Ukraynaya hərbi yardımın artırılması ehtimalı istisna deyil. Qeyd olunur ki, Ukrayna Böyük Britaniya və Avropa İttifaqı-nın dəstəyi ilə ərazi güzəştlərinə getmir və Vaşinqtonun əsas məqsədi danışıqlar masasında Rusiyanı geri addım atmağa məcbur etməkdir.

    Xatırladaq ki, Rusiya əvvəlki mərhələlərdə bir sıra sərt şərtlər irəli sürürdü. Bunlara Volodimir Zelenski-nin legitim prezident kimi tanınmaması, Ukraynanın beş regionunun ilhaqının qəbul edilməsi, Ukrayna ordusuna məhdudiyyətlərin tətbiqi və Kiyevdə hakimiyyət dəyişikliyi tələbi daxil idi. Hazırda isə əsas şərt kimi Donbasın verilməsi məsələsi önə çəkilir. Ukrayna tərəfi bu tələblə də razılaşmır.

    Eyni zamanda, Qara dənizdə Rusiya donanmasının ciddi itkilər verdiyi, Ukrayna hava məkanında isə Rusiya qırıcılarının fəaliyyət imkanlarının məhdudlaşdığı bildirilir. Mövcud reallıqlar fonunda ekspertlər növbəti Cenevrə danışıqlarının da asan nəticə verəcəyini inandırıcı hesab etmirlər. Bununla belə, Rusiyanın müəyyən mərhələdə təmas xətti boyunca atəşkəsə razılaşmağa məcbur qala biləcəyi istisna edilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR