Dövlət qulluğu sahəsində sosial müdafiə sistemi təkmilləşdirilir

Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi və hüquqi islahatların mühüm komponentlərindən birini də dövlət qulluğu sahəsini əhatə edən institusional, struktur yeniliklər və dövlət qulluqçularının maddi təminatı sisteminin təkmilləşdirilməsi sahəsində gerçəkləşdirilən dəyişikliklər təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin dövlət sektorunda əməkhaqqlarının tənzimlənməsi ilə bağlı 19 mart tarixində imzaladığı bir sıra fərmanlar qeyd edilən istiqamətdə atılan əhəmiyyətli addım kimi qiymətləndirilməlidir və mahiyyətinə görə dövlət qulluğunda əməkhaqqı sisteminin müasir formada yenidən qurularaq, vahid struktur əsasında yeni səmərəli modelə keçməsinə şərait yaradır. Dövlət qulluğunda əvvəllər mövcud olan əlavələr formasında ödənilən hissələrin vəzifə maaşına daxil edilməsi əməkhaqqının vahid strukturunun müəyyən olunmasını təmin edərək, mürəkkəb əməkhaqqı mexanizmini əsaslı surətdə sadələşdirir və dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə imkan yaradır.
Müqayisəli təhlil göstərir ki, bir çox Avropa ölkələrində dövlət sektorunda əməkhaqqı sisteminin sadələşdirilməsi və onun şəffaflığının təmin edilməsi peşəkar, professional kadrların qeyd edilən sektora çəlb olunmasına və dövlət qulluqçularının rifahıın yüksəldilməsinə, korrupsiya risklərinin əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edir. Nəzərə alsaq ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir, digər tədbirlərlə yanaşı, dövlət qulluqçularının sosial təminatının gücləndirilməsi, qeyd edilən sahədə əhəmiyyətli vasitə rolunu oynayacaq. Eyni zamanda vurğulanmalıdır ki, dövlət qulluqçularının əməkhaqqı modelinin yenilənməsi dövlət sektorunun rəqabət qabiliyyətinin artmasına, insan kapitalının keyfiyyətinin yüksəlməsinə də xidmət edəcək.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.