İranın Semnan İnqilab Məhkəməsinin 1-ci şöbəsinin qərarı ilə Mehdi Bağani və Ehsan Məhəmmədinin hər birinə 30 ay müddətinə həbs cəzası verilib.
Bununla yanaşı, iki vətəndaşa qarşı irəli sürülən ittihamların digər hissəsi üzrə işə cinayət məhkəməsində baxılır və həmin məsələ ilə bağlı hələlik qərar qəbul edilməyib.
İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinə (HRANA) danışan işdən xəbərdar mənbənin sözlərinə görə, Mehdi Bağani və Ehsan Məhəmmədə bildirilib ki, məhkəmə qərarından apellyasiya şikayəti verəcəkləri təqdirdə həbs müddəti üçdəbirədək artırıla bilər.
Mənbə qeyd edib ki, Semnanda məhkəmə qərarları ilə üzləşən bir sıra digər şəxslərə də eyni xəbərdarlıq edilib.
HRANA iki vətəndaşa qarşı irəli sürülən ittihamların detalları, məhkəmənin hansı sübutlara əsaslandığı və məhkəmə iclaslarının keçirildiyi tarixləri araşdırmaqda davam etdiyini bildirib.
Sabzevar sakini Mehdi Bağani 2026-cı il yanvarın 8-də Semnanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat qüvvələri tərəfindən saxlanılıb. Şahrud sakini Ehsan Məhəmmədi isə yanvarın 9-da səhər saatlarında Semnan şəhərində SEPAH Kəşfiyyat qüvvələri tərəfindən həbs edilib. Hər iki şəxs müəyyən müddət saxlanıldıqdan sonra girov qarşılığında azadlığa buraxılıb.
Yanvar 2026 etirazlarının arxa planı
Etirazlar və mağaza sahibləri ilə bazar tacirlərinin tətilləri 2025-ci il dekabrın 28-də, bazar günü Tehranda başlayıb. İki gün ərzində aksiyalar bazarlardan və ticarət mərkəzlərindən kənara yayılıb.
Tələbələr, vətəndaşlar və müxtəlif sosial qrupların iştirakı ilə etirazlar son illərin İranda ən böyük etiraz hərəkatlarından birinə çevrilib.
Təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin aksiyaları dağıtmasından sonra minlərlə insanın öldürüldüyü və ya yaralandığı, on minlərlə şəxsin isə həbs edildiyi və ya təhlükəsizlik qurumlarına çağırıldığı bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.