Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində 17 ölkənin lideri, eləcə də bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək. Sammit avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək.
Qırğızıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə ŞƏT-ə üzv olan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, İran, Hindistan, Çin, Pakistan, Tacikistan və Özbəkistanın liderləri ilə yanaşı, Azərbaycan, Ermənistan, Türkiyə, Monqolustan və Laosun dövlət başçıları da iştirak edəcəklər. Bundan başqa, Misir və Vyetnamın vitse-prezidentləri, həmçinin Toqo hökumətinin rəhbəri sammitə qatılacaq.
Beləliklə, Bişkekdə keçiriləcək sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, İran Prezidenti Məsud Pezeşkian, Hindistanın Baş naziri Narendra Modi, Çin Prezidenti Si Cinpin, Pakistanın Baş naziri Şahbaz Şərif, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Monqolustanın Prezidenti Uxnaagiyn Xurelsux və digər yüksək səviyyəli nümayəndələr iştirak edəcəklər.
Sammitdə beynəlxalq və regional gündəmin aktual məsələləri, ŞƏT-in gələcək inkişafının prioritet istiqamətləri, siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, rəqəmsal, ekoloji, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.
Tədbirin yekununda təşkilatın 25 illiyi ilə bağlı Bəyannamənin, həmçinin əməkdaşlığın daha da gücləndirilməsinə və ŞƏT-in fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanması gözlənilir. Dövlət başçıları bir sıra tematik bəyanatlar da qəbul edəcəklər.
Sammit çərçivəsində “ŞƏT plyus” formatında geniş tərkibdə görüş də keçiriləcək. Bu formatda iştirakçılar BMT-nin mərkəzi əlaqələndirici rolunun və beynəlxalq hüququn möhkəmləndirilməsi, dayanıqlı inkişafın təmin olunması və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Beynəlxalq təşkilatların nümayəndələri arasında BMT-nin Baş katibi Antonio Quterreş, ŞƏT-in Baş katibi Nurlan Yermekbayev, MDB-nin Baş katibi Sergey Lebedev, KTMT-nin Baş katibi Taalatbek Masadıkov, Avrasiya İqtisadi Komissiyasının Kollegiya sədri Bağıtjan Saqintayev və digər yüksək vəzifəli şəxslər də yer alacaq.
Mənbə: “Vestnik Kavkaza”