İlham Əliyev Avstriyanın yeni səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Ettienn Berxtoldu qəbul edib.
Görüşdə səfir etimadnaməsini dövlət başçısına təqdim edib. E.Berxtold Azərbaycan dilində çıxış edərək ölkəmizdə diplomatik fəaliyyəti müddətində dili daha yaxşı öyrənməyə çalışacağını bildirib.
Prezident İlham Əliyev səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.
Dövlət başçısı Azərbaycan və Avstriya arasında münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında inkişaf etdiyini vurğulayıb. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiyalar və mədəni əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün imkanların olduğu bildirilib.
Azərbaycanda uzun müddətdir Avstriya şirkətlərinin fəaliyyət göstərdiyi qeyd olunub və onların sayının artırılmasının vacibliyi vurğulanıb.
Görüşdə qarşılıqlı səfərlər, siyasi məsləhətləşmələr və parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə xüsusi qeyd edilib. Bu xüsusda, 2026-cı ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlanıb.
Səfir ikitərəfli əlaqələrin inkişafı üçün səylə çalışacağını bildirib. Prezident İlham Əliyev ona yeni fəaliyyətində uğurlar arzulayıb.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.