Zəfərdən yeni mərhələyə: YAP-ın siyasi gündəliyi

Zaur Muradov YAP İsmayıllı rayon təşkilatının sədri.
Xalqın birliyi, iqtidarın iradəsi: Zəfərdən yeni mərhələyə
Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin nitqi yalnız partiya üzvlərinə deyil, bütövlükdə ölkənin ictimai-siyasi gündəminə ünvanlanmışdı. Çıxışın mərkəzi fikri onun bir cümləsində toplanıb: "Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi."
Dövlət başçısı qurultayın yeni geosiyasi şəraitdə keçirildiyini vurğuladı. Onun sözlərinə görə, bu, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra ilk qurultaydır. VII qurultay Zəfərdən cəmi bir neçə ay sonra keçmişdi və dünya həmin hadisəni təzəcə qəbul edirdi. Bu gün isə yaranmış reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur. Prezident bu nəticənin asan əldə olunmadığını da xatırlatdı. Azərbaycan illər boyu yalan və böhtan kampaniyaları ilə, sanksiya müzakirələri ilə, 44 günlük müharibə dövründə isə açıq və qapalı təzyiqlərlə üzləşib. Çıxışa görə, bütün bunları alt-üst edən amillər dövlətin qətiyyəti, siyasi addımlar və ilk növbədə, xalqın vahid mövqeyi olub.
Prezidentin təqdimatında 30 illik işğal dövrü, 2020-ci il Zəfəri və 2023-cü il sentyabrın 20-də ərazi bütövlüyünün tam bərpası xalqın tələbi ilə iqtidarın iradəsinin üst-üstə düşdüyü bir yolun mərhələləridir. Bu yolda Azərbaycan həm siyasi-diplomatik müstəvidə, beynəlxalq təşkilatlarda maarifləndirmə kampaniyası aparıb, həm də döyüş meydanında strateji mövqelərini möhkəmləndirib. Dövlət başçısı Minsk qrupunun əsas məqsədinin münaqişəni dondurmaq olduğunu, qələbələrin isə böyük güclərin müqaviməti fonunda əldə edildiyini bildirdi. Onun sözlərinə görə, digər ölkələrin hər birinin arxasında "böyük dayı" dayandığı halda, Azərbaycan bu yolu təkbaşına keçib. Zəfərin dünya üçün əhəmiyyəti də buradadır: yeni presedent yaranıb.
Prezident bu qələbələrin başlanğıcını 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən YAP-ın təsis qurultayı ilə bağladı. O, həmin dövrdə ölkənin idarəolunmaz vəziyyətə düşdüyünü, torpaq itkilərinin artdığını xatırlatdı, Heydər Əliyevin hakimiyyətə qayıdışını isə xalqın tələbi kimi qiymətləndirdi. Çıxışda 1993–2003-cü illərdə beynəlxalq təcriddən çıxışın, "Əsrin kontraktı" ilə investisiya axınının və dövlətçilik əsaslarının qurulmasının əhəmiyyəti xüsusi qeyd olundu. Dövlət başçısı bu siyasi xəttin 2003-cü ildən bəri davam etdirildiyini və dəyişməz qaldığını bildirdi.
Bu gün Azərbaycanla Ermənistan arasında müharibə olmadığını, sərhəddə sakitlik hökm sürdüyünü, sülh müqaviləsinin paraflandığını, Ağ Evdə sülhün möhürləndiyini və hətta ticarətə başlandığını xatırladan Prezident eyni zamanda tarixi təcrübəni unutmamağa çağırdı. Onun fikrincə, hərbi gücün artırılması hər bir dövlət üçün daimi zərurətdir. Dünyada müharibələrin çoxaldığı, beynəlxalq hüququn zəiflədiyi bir şəraitdə əsas vəzifələrdən biri hərbi potensialı gücləndirməkdir. Gələn ilin büdcəsində hərbi və təhlükəsizlik xərcləri üçün təxminən 9 milyard manat nəzərdə tutulur. Prezident bunu Qarabağ və Şərqi Zəngəzurun bərpası, sosial siyasətlə birgə aparılan prioritetlər sırasında göstərdi.
Çıxışın mühüm hissəsi xarici siyasətə həsr olunmuşdu. Dövlət başçısı Azərbaycanın heç bir düşərgəyə qoşulmadığını, çoxşaxəli əlaqələr qurduğunu və öz maraqlarını müdafiə etdiyini bildirdi. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsinin, ABŞ ilə Strateji Xartiyanın imzalanmasını, Mərkəzi Asiya Məşvərət Görüşlərinə və D-8-ə tamhüquqlu üzvlüyü bu siyasətin nəticələri kimi təqdim etdi. Onun sözlərinə görə, Azərbaycanın sözü imzası qədər dəyərlidir. Bununla yanaşı, Prezident ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər önəmli olduğunu vurğuladı. Təhsili, vətənpərvərliyi və həqiqətlərin vətəndaşlara çatdırılmasını bu sahədə əsas vasitə adlandırdı, Azərbaycan dilində xaricdən yayılan resursların məqsədini isə xalqı çaşdırmaq və gəncləri yanıltmaq kimi qiymətləndirdi. YAP üzvlərindən ideoloji işi şablonlardan və formal tədbirlərdən uzaq, müasir üsullarla aparmaq tələb olundu.
İqtisadi və sosial gündəliyə də toxunan dövlət başçısı gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını açıqladı. O, xarici borcun ÜDM-in 5,6 faizi səviyyəsində olduğunu, valyuta ehtiyatlarının 90 milyard dolları keçdiyini, iki Beynəlxalq İnvestisiya Forumunda 20 milyard dollardan çox kontrakt imzalandığını bildirdi. Tranzit yüklərin həcminin bu il 16 milyon tona çatacağı, orta müddətdə isə 30 milyon tona çatdırılmasının hədəflənməsi də çıxışda yer aldı. Qarabağ və Şərqi Zəngəzurda 96 min nəfərin yaşadığı, bərpaya indiyədək 28 milyard manat ayrıldığı, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşdığı da qeyd edildi.
Qurultaydakı nitqin ana xətti beləcə ortaya çıxır: Azərbaycanın son illərdəki nailiyyətləri xalqın birliyindən, uzunmüddətli siyasi xəttin ardıcıllığından və dövlətin öz imkanlarına güvənməsindən qaynaqlanır. Prezidentin başlıq cümləsi də məhz bu məntiqi ifadə edir. Burada söhbət xalqla dövlətin bir-birindən ayrı deyil, eyni məqsəd uğrunda addımlayan iki tərəf olmasından gedir. Xalq haqq tələbini ortaya qoyub, iqtidar isə bu tələbi gündəlik siyasətin, diplomatiyanın və hərbi hazırlığın əsas məqsədinə çevirib. Otuz il ərzində gözlənilən nəticənin əldə edilməsində bu qarşılıqlı etimadın rolu çıxışda əsas amil kimi göstərilir.
Çıxışın ikinci mühüm mesajı qələbənin mərhələ deyil, məsuliyyət olmasıdır. Prezident Zəfərdən sonra da dayanmadıqlarını, ərazi bütövlüyünün tam bərpası üçün bir gün belə ara vermədiklərini xatırlatdı və eyni ruhun bu gün də qorunmasını vacib saydı. Buna görə ordu quruculuğu, sərhədlərin mühafizəsi, enerji və nəqliyyat sahəsində strateji layihələr, Qarabağ və Şərqi Zəngəzurun bərpası, "Böyük Qayıdış" proqramı eyni siyasi xəttin tərkib hissələri kimi təqdim olunur. Sülh müqaviləsinin paraflanması və ticarətin başlaması bu xəttin əvəzinə deyil, onun davamıdır. Dövlət başçısının sözlərinə görə, güclü olmaq həm sülhün, həm də inkişafın şərtidir və başqa layihələrin əhəmiyyəti də bu təhlükəsizlik zəminindən asılıdır.
Üçüncü mühüm məqam müstəqillik anlayışının məzmunudur. Çıxışda xarici himayə axtarmadan, öz imkanlarına, öz iqtisadi gücünə və öz qərarına arxalanan dövlət modeli önə çəkilir. Aşağı xarici borc, artan valyuta ehtiyatları, enerji resurslarının müxtəlifliyi və tranzit potensialı bu modelin iqtisadi əsası kimi göstərilib. Siyasi müstəvidə isə heç bir düşərgəyə qoşulmamaq, bütün qütblərlə münasibət saxlamaq və verilmiş sözə sadiq qalmaq prinsipi bu modelin təməlidir. Dövlət başçısının fikrincə, Azərbaycan kimi ərazisi və əhalisi nisbətən kiçik olan ölkə üçün müstəqil amil kimi hörmət qazanmaq asan deyil və bu hörmət ardıcıl siyasətin nəticəsidir.
Qurultay partiya üzvlərinə konkret vəzifələr də qoydu. Yeni Azərbaycan Partiyasından yalnız keçmiş uğurlarla fəxr etmək deyil, bu uğurların həqiqətlərini cəmiyyətə, xüsusilə gənclərə müasir üsullarla çatdırmaq, ideoloji sahədə fəal olmaq və qarşıdakı tarixi vəzifələrin icrasında iştirak etmək gözlənilir. Təhsilli, vətənpərvər və məlumatlı vətəndaşın yalan və təxribatlara qarşı ən etibarlı müdafiə olduğu fikri bunu bir daha göstərir. Beləliklə, VIII qurultayın əsas siyasi mesajı belə ümumiləşdirilə bilər: Zəfərlə tamamlanan mərhələdən sonra Azərbaycan birlik, güc və müstəqil siyasət prinsiplərini qoruyaraq yeni mərhələyə qədəm qoyur və bu yolda xalqla iqtidarın ortaq iradəsi yenə də əsas dayaq kimi qalır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.