Sentyabrın 1-dən etibarən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb.
Yeni dəyişikliklər ümumilikdə 72 212 tibb işçisini əhatə edir. Artımlar bir sıra tibb ixtisasları və vəzifələri üzrə tətbiq olunacaq.
Belə ki:
İlkin səhiyyə xidməti göstərən ailə və sahə həkimlərinin aylıq əməkhaqqı 1150 manatdan 2000 manata yüksəldilib;
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində çalışan həkimlərin maaşı 1550 manatdan 2200 manata çatdırılıb;
Tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1550 manatdan 2500 manata artırılıb;
3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin maaşı 2100 manatdan 3000 manata yüksəldilib;
Regionlarda fəaliyyət göstərən uşaq anestezioloq-reanimatoloqlarının əməkhaqqı 1450 manatdan 3000 manata çatdırılıb;
Neonatoloqların aylıq maaşı 1450 manatdan 2400 manata artırılıb;
Hemodializ həkimlərinin əməkhaqqı 1450 manatdan 2250 manata yüksəldilib;
Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə çalışan həkimlərin aylıq əməkhaqqı 1450 manatdan 2150 manata çatdırılıb.
Artımların əsas məqsədlərindən biri tibb işçilərinin əməyinin stimullaşdırılması, xüsusilə regionlarda həkim çatışmazlığının aradan qaldırılması və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.